Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic”dən iki yeni planşet


“Panasonic” şirkəti “Toughpad” planşet seriyasına iki yeni model əlavə edib. Əgər 5 düymlük fableti beton lövhə üzərinə vursaq və ya suyun içərisində saxlasaq, cihaza heç nə olmayacaq, daxili qızdırıcı isə mənfi temperaturla mübarizədə kömək edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Toughpad” xətti xüsusi xidmət orqanları, hərbçilər, nəqliyyat,  fabrik işçiləri üçün nəzərdə tutulub. Bu xəttə məxsus qurğular su və toza qarşı (IP65/IP68 standartı) davamlıdır, cihazı yarım metr dərinliyində suya salaraq 30 dəqiqə ərzində saxlamaq olar. Aparatlar zərbəyə, 3 metrədək hündürlükdən düşməyə davamlıdır.
 
HD təsvir ölçülü ekranın üzərinə 80 santimetr hündürlükdən 400 qram ağırlığında polad kürə düşsə, ekran çatlamayacaq. Bundan başqa, “Toughpad” -20-dən +60-dək temperaturda işlək vəziyyətini saxlayacaq. Videoünsiyyət üçün 1,3 meqapiksellik kamera, arxa paneldə isə işıq diodu işıqlandırıcısına malik  8 meqapiksellik kamera mövcuddur.
 
Yeni “FZ-E1” modeli 2,3 QHs takt tezlikli “Snapdragon 800” prosessoru ilə təchiz edilib və "Windows Embedded 9.1 Handheld” əməliyyat sistemi quraşdırılıb. Digər model, “FX-X1” 1.7 QHs takt tezlikli “Snapdragon 600” prosessoru ilə təchiz edilib və ona “Android 4.2.2” versiyası quraşdırılıb. Hər iki fablet 32 QB daxili yaddaş, 2 QB əməli yaddaş, “microSD” slotu və 6200 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
 
Emil Hüseynov




25/06/14    Çap et