Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan nümayəndə heyəti Aktauda Logistik Mərkəzin təməlqoyma mərasimində iştirak edəcək


İyunun 28-də Qazaxıstanın Aktau şəhərində Aktau İstehsal və Logistika Mərkəzinin təməli qoyulacaq, tikintisinə start veriləcək.

“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə keçiriləcək tədbirdə İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
 
Qeyd edək ki, ötən il Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” şirkəti və Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonası” Səhmdar Cəmiyyəti arasında “Aktau İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Logistika Mərkəzinin inşası və idarə edilməsi “Azərsun Holdinq” tərəfindən həyata keçiriləcək.
 
Logistik Mərkəzin yaradılması hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının, ölkələrarası iqtisadi münasibətlərin daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yükdaşımalarının artırılması baxımından da əhəmiyyətli olacaq.
 
Bundan başqa, Logistik Mərkəzin təməlinin qoyulacağı gün – iyunun 28-də Aktauda Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes-forumun təşkili nəzərdə tutulur. Biznes-forumda rəsmilərlə yanaşı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edəcək. Biznes-forum iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verəcək.
 
CAHANGİR




27/06/14    Çap et