Almaniyanın xüsusi xidmət orqanları sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək
Almaniya Konstitusiya Mühafizəsi Federal İdarəsi (BfV) terrorizmlə mübarizədə sosial şəbəkələr, o cümlədən “Facebook”, “Twitter” və “YouTube” üzərində nəzarəti gücləndirmək niyyətindədir. Belə ki, ölkədə terrorizm və ekstremizmlə mübarizə üçün sosial şəbəkələrdə toplanan informasiyanı effektiv təhlil edəcək yeni ekspert qrupu yaradılır.
“BfV” təmsilçiləri ümid edirlər ki, bu, şəbəkələrdə informasiya mübadiləsinin yeni formalarının inkişafı ilə ayaqlaşmağa imkan verəcək. “Rabitə formaları və terrorist və ekstremistlərin davranışları daim dəyişir. Bununla əlaqədar “BfV” strateji və təşkilati baxımdan lazımi tədbirlər görür”, - məlumatda deyilir.
Qeyd olunur ki, “BfV” bundan sonra da əsassız, konkret şübhələrə əsaslanmayan məqsədsiz tədbirlər görməyəcək. Söhbət informasiyanın genişləndirilməsindən deyil, onun təhlilinin modernləşdirilməsindən gedir.
Bir müddət əvvəl “Süddeutsche Zeitung” qəzeti məlumat verib ki, “BfV” informasiya təhlili kompüter sisteminin hazırlanması üçün 75 nəfər mütəxəssisdən ibarət yeni qrup yaradır.
“BfV” təkcə ötən maliyyə ilində bu məqsədlər üçün 2,75 milyon avronun ayrılmasını xahiş edib. Bundan başqa, idarə əlavə vəsaitlərin verilməsini xahiş etsə də, bu, hökumət tərəfindən hələ ki təsdiq olunmayıb, - "DW
www.dw.de” yazır.