Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni institutlar yaradılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iyunun 30-da akademiyanın ümumi yığıncağında bildirib ki, yeni elmi istiqamətlərin meydana çıxması, elm və texnologiyanın inkişafı yeni elmi müəssisələrə ehtiyac yaradıb.
AMEA-da aparılan köklü dəyişikliklər, o cümlədən elm sahəsindəki geniş islahatlar dünyanın elm və texnologiya məkanına inteqrasiya üçün geniş imkanlar yaradır. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, sonra müxtəlif ölkələrdə biotexnologiyanın əsasını təşkil edən elmi istiqamətlər müzakirə olunub.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bu istiqamətlərdə tədqiqatlar canlı orqanizmlərin genetik kompleksini məqsədyönlü dəyişdirərək əlverişli məhsulların və texnologiyaların alınmasına yönəlib.
Bölmə rəhbəri Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı sahələrinin inkişafına yönəlmiş tədqiqatları, o cümlədən molekulyar biologiya, genetika, bioinformatika və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqini önəmli hesab etmişdir. Bütün bunlar ümumi yığıncaqda nəzərə alınaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul olunub. Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Elm Tarixi İnstitutunun yaradılması zərurətindən danışıb. Vurğulayıb ki, elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, inkişafı və müasir vəziyyətinin öyrənilməsi elmin müasir inkişafının tələbidir. O cümlədən, elmə dair abidələrin aşkarlanması və tədqiqi istiqamətlərində işlərin mərkəzləşdirilməsinə böyük ehtiyac yaranıb.
Dünya Siyasəti İnstitutunun da yaradılmasının əhəmiyyətindən danışan akademik qeyd edib ki, müasir dövrdə Azərbaycanın qlobal dünya siyasətinə qoşulması, xüsusilə BMT ilə qurulmuş əlaqələr, Azərbaycanın Avropa təhlükəsizlik və əməkdaşlıq sisteminə inteqrasiyası, həmçinin beynəlxalq münasibətlər sisteminin öyrənilməsi, dünya siyasətinin xarakteristikasının tədqiqi Azərbaycan elmi qarşısında ən mühüm məsələlərdəndir. İnstitutun yaradılmasında məqsəd dünyada baş verən siyasi proseslər və onların gələcək inkişafı, həmçinin beynəlxalq proseslərin regiona təsiri istiqamətlərində tədqiqatların genişləndirilməsi, dövlətin fəaliyyətinin kompleks və sistemli şəkildə daha səmərəli tədqiqi, ölkədə daxili və xarici siyasətin elmi əsaslarının işlənib hazırlanması və bu istiqamətdə uzunmüddətli fundamental elmi tədqiqatların aparılmasıdır. Sonda ümumi yığıncaq Elm Tarixi və Dünya Siyasəti institutlarının da yaradılması haqqında qərar qəbul edib.
Həqiqət İSABALAYEVA
30/06/14 Çap et