Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar itirilmiş hərbi biletlərin yenisi ilə əvəz edilməsi üçün elektron formada müraciət edə biləcəklər


Azərbaycanın Səfərbərlik və Hərbi Qulluğa Çağırış üzrə Dövlət  Xidməti yeni elektron xidmət  təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dövlət Xidmətinin rəsmi saytında “http://www.seferberlik.gov.az/elektron/military” hərbi qulluğa çağırılanlar gələcək əsgərliklərini harada yerinə yetirəcəkləri haqda internet vasitəsi ilə məlumat ala bilərlər.
 
Bunun üçün hərbi qulluğa çağırılanın müəyyən məlumatlarını daxil etməklə onun gələcəkdə harada  hərbi xidmət keçməyini bilmək olar. 
 
Saytın müvafiq bölməsinə daxil olaraq Azərbaycan dilində çağırılanın adını, soyadını, doğum tarixini və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Qulluğa Çağırış üzrə Dövlət  Xidmətinin şöbəsini göstərmək lazımdır.
 
Ötən il iyulun 1-dən etibarən Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi saytında hərbi xidmətə çağırılanlar haqda məlumatın verilməsi üzrə elektron xidmət təqdim edilib.

Bununla yanaşı, cinsi kişi olan abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi istiqamətində Xidmət tərəfindən işlər aparılır, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemi hazırlanmaqla öz həllini tapacaq.

Vətəndaşların işlərini asanlaşdırmaq üçün 4 yeni elektron xidmət tətbiq edilib. Hazırda hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır.

 Məlumat üçün bildirək ki, sadalananlardan savayı, vətəndaşlar itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi, həmçinin arxiv arayışlarının alınması üçün SHÇDX-yə birbaşa təmasda olmadan, elektron müraciət edə biləcəklər.
 
 
Aynur Vəliyeva




30/06/14    Çap et