“Windows Phone” əsas bazarlarda mövqeyini itirir
“Kantar Worldpanel ComTech” tədqiqat şirkəti dünya smartfon bazarındakı vəziyyəti izləməkdə davam edərək aylıq nəticələri dərc edir. Yeni hesabat cari ilin mart-may ayları üzrə tərtib olunub.
Ekspertlərin məlumatına görə, “Microsoft” əsas smartfon bazarlarında mövqeyini itirir. Belə ki, mayda ABŞ-da “Windows Phone” mobil əməliyyat sisteminin smartfonların tədarükündə payı 3,8 faizədək azalıb, halbuki bir ay əvvəl və ötən il bu göstərici 4,7 faizə bərabər olub. Fevral-martda sistemin ölkədə iştirakı 5,3 faiz təşkil edib.
Çində vəziyyət daha pisdir. Bu ölkədə “Windows Phone” yerli smartfon bazarında yalnız 0,6 faiz paya sahib çıxa bilib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 2,4 faiz bənd aşağıdır. Proqram təminatı nəhəngi üçün vəziyyət yalnız Avropada ürəkaçandır. Belə ki, “Böyük beşlik” ölkələrində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya) “WP” sistemli qurğuların payı il ərzində 7,1 faizdən 8,1 faizədək artıb. 2013-cü ilin noyabrında bu göstərici 10 faiz olub.
"Windows Phone”nun artım potensialına malik olması barədə bir müddət əvvəl “ABI Research” şirkəti də məlumat verib. Bu şirkətin hesablamasına əsasən, 2014-cü ilin birinci rübündə “WP” sistemli smartfonların tədarük həcmi 13,3 milyon ədəd təşkil edib ki, bu da ötən ilin yanvar-martı ilə müqayisədə 119 faiz çoxdur. Analitiklər “Windows Phone” sistemini “Android” və “iOS” ilə rəqabət apara biləcək həyat qabiliyyətinə malik yeganə ekosistem adlandırırlar.
“Canalys” tədqiqat şirkətinin mütəxəssisləri bundan əvvəl “Windows Phone”nun sürtələ inkişaf edən platforma olduğunu bildiriblər: 2013-cü ilin dördüncü rübündə bu sistemin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi illik hesablamada 69 faiz yüksəlib. Müqayisə üçün qeyd edək ki, “Android” əməliyyat sistemində analoji göstərici 54 faizə, “iOS”-da 7 faizə bərabərdir, - "DailyComm
www.dailycomm.ru” yazır.