Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransada internetin idarə olunması məsələləri müzakirə olunacaq
Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Trans-sərhəd internet axını və internet azadlığı üzrə Ekspertlər Komitəsinin (MSİ-İNT) növbəti iclası keçiriləcək.
Qeyd edək ki, Ekspertlər Komitəsi AŞ-nin Media və İnformasiya Cəmiyyəti üzrə Rəhbər Komitəsinin (CDMSİ) nəzdində olmaqla 2014-2015-ci illər ərzində AŞ məkanında maneəsiz trans-sərhəd internet axını və internet azadlığının təmin edilməsi üçün tövsiyələrin işlənib hazırlanması məqsədilə yaradılıb.
Cari ilin 3-4 iyul tarixlərində baş tutacaq ikigünlük iclasda Komitənin iş planı ilə bağlı təkliflər, qarşıda duran addımlar, trans-sərhəd internet axını və internet azadlığı üzrə tövsiyələr layihəsi, internetin idarə olunması, internetdə ifadə azadlığı və sair məsələlər müzakirə olunacaq.
Görüşdə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Michael Unland, AŞ İnsan hüquqları və qanunun aliliyi üzrə informasiya cəmiyyəti departamentinin nümayəndəsi Loreta Vioiu, media şöbəsinin rəhbəri Silvia Grundmanın iştirakı nəzərdə tutulub.
Bu mötəbər tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edəcək.
İclasda B.Məmmədovun çıxışı və bu zaman Azərbaycanda internet sahəsində həyata keçirilən layihələr, bu istiqamətdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq barədə ətraflı məlumat verəcəyi planlaşdırılıb.
SEYMUR
02/07/14 Çap et