Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyev: “İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən biridir"


Avropanın "Neurope.eu" informasiya portalında Prezident  İlham Əliyevlə müsahibə dərc olunub

 

Azərbaycan: Yenidən güclü regional mərkəz

 

NE: Siz ötən ilin oktyabrında keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini necə izah edərdiniz?

İlham ƏLİYEV: 2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.

 

- Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib?

 

- Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır.

 

- Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir edibmi?

 

- Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə artmışdır.

 

- Bu, həqiqətən yaxşı göstəricidir.

 

- Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə ölkəmizin şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq işləri görülmüş, bütün şəhərlərdə müasir standartların və qabaqcıl texnologiyaların tətbiqinə başlanmışdır.

 

- Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq aləmdə də tanınır?

- Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.

 

- Bəs ölkənizin regionda və dünyada statusu barədə nə deyə bilərsiniz?
 

- Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

 

- Deməli, dünyada gedən arzuolunmaz proseslər Azərbaycana toxunmamışdır...

 

- Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda tamamilə fərqli proseslər – sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin də əsas səbəbləri olmuşdur.

 

- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi?

 

- AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin davamlı olması üçün bizə mandat vermişdir.

 

- Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı.

 

- Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər vardır. Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam etdiriləcəkdir.

 

- 2013-cü ildə Azərbaycanda həm də İKT-nin inkişafı sahəsində böyük addımlar atılmışdır.

 

- Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki, bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki, müasir texnologiyaların tətbiqi rəqabətə davamlı iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı işlər aparılır.

 

- Bütün bunların fonunda internetin inkişafını necə qiymətləndirmək olar?

 

- Son illər ərzində internet də sürətlə inkişaf etmişdir. Beynəlxalq Telekommunikasiya Təşkilatının hesabatına əsasən, Azərbaycan əhalisinin 70 faizi internetdən istifadə edir. Biz Azərbaycanın bütün şəhərlərinə genişzolaqlı internet xətlərinin çəkilməsinə başlamışıq.

 

- Azərbaycanın müəllifi olduğu innovasiyalar haqqında nə deyə bilərsiniz?

 

- Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk. Nümunə kimi Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır. "ASAN xidmət" mərkəzlərinin fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin səmərəli təşkili və bu sahədə idarəçilik sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir. Mərkəzlər hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil ki, bir il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət etmişdir. Buna görə də "ASAN xidmət" mərkəzlərinin təklif etdiyi xidmətlərin miqyasını genişləndirmək niyyətindəyik.

 

- Gələcəyə nəzər salsaq, innovativ texnologiyalar Azərbaycanın inkişafında necə rol oynayacaqdır?

 

- Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək inkişafında oynayacağı rol barədə qeyd edə bilərəm ki, iqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq və s. üçün xüsusi addımlar atılır. Bu məqsədlərə nail olmaq üçün Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən biridir və biz dayanmadan bu istiqamətdə irəliləyirik.

 

- Siz 2014-cü ili "Sənaye ili" elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?

 

- Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet respublikaları arasında əlaqələrin itirilməsinə səbəb oldu. Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin dövrdə ölkədə baş alıb gedən anarxiya, istehsal müəssisələrinin köhnəlməsi, texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə və istehsal prosesinin dayanmasına gətirib çıxardı. Yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci illərin əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün oldu.


Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilmişdir. Nəticədə, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.


Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il "Sənaye ili" elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir.

 

- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir?

 

- 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizn sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir.

 

- Qarşınıza qoyduğunuz strateji məqsəd nədir?

 

- Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. İnanıram ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

 

- Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

- Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli sürmüşdür. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə "Şahdəniz-2" beynəlxalq yekun investisiya qərarı imzalanmışdır. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı, "Şahdəniz-2" dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXl əsrin kontraktı" kimi düşəcəkdir.

 

- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz?

 

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir.

 

- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir?

 

- Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirmişdir. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.

 

- Yeni tərəfdaşlıq münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri barədə nə deyə bilərsiniz?

 

- Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına əlavə olaraq biz qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi ölkələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə yanaşı, biz həm də Qoşulmama Hərəkatının üzvləri olan Latın Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf etdiririk. Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir.


Artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi tanımışdır. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul etmişlər. Növbəti illərdə biz ölkəmizin siyasi və iqtisadi potensialını daha da gücləndirməyə, beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması üzərində qurulmuşdur və bu istiqamətdə lazımi addımlar atılacaqdır.

 

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən danışmaq olarmı?

 

- Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir.

 

- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?

 

- 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi yaradılmışdır və olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi məkanların tikintisi bu ilin sonunadək tamamlanacaqdır. Amma hazırlıq prosesi müxtəlif binaların tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin yaradılması, qonaqların və idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir. Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir.






02/07/14    Çap et