Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər top-menecerlərin sosial şəbəkələrə sevgisini izah ediblər


Orta və yüksəkrütbəli şirkət rəhbərləri əməkdaşların iş vaxtı sosial mediadan (sosial şəbəkələr, bloqlar, forumlar və s.) istifadəsinə mənfi yanaşırlar. Bununla belə, top-menecerlər saytlara tabeliklərində çalışanlardan daha çox vaxt ayırırlar. Bu barədə Norveçin Bergen Universitetinin psixologiya fakültəsinin əməkdaşları tərəfindən aparılan və "Computer-Mediated Communication” jurnalında dərc edilən tədqiqatda deyilir. Elmi iş Norveçin on bir min şirkət işçisi arasında aparılan sorğuya əsaslanır.

Hər gün dünyada milyardlarla insan sosial mediadan istifadə edir. Əməkdaşlar işdə də bu vərdişdən əl çəkmirlər. Bir sıra araşdırmalara əsasən, beş əməkdaşdan dördü belə resurslardan şəxsi məqsədlər üçün istifadə edir. Lakin şirkətlərin rəhbər heyəti onların bu vərdişləri ilə mübarizə aparır. “Yəqin orta və yüksəkrütbəli şirkət rəhbərləri əməkdaşlar tərəfindən iş vaxtı sosial mediadan istifadə etmələri nəticəsində istehsal nəticələrinin azalmasına və maliyyə itkilərinə görə narahatdırlar.

Rəhbərlər isə bu servislərin aktiv istifadəçiləridir, çünki iş günü onlar üçün daha uzun olur və istirahətləri adi əməkdaşlara nisbətən iş prosesinə inteqrasiya olunub”, - tədqiqatın aparıcı müəllifi Sesil Şu Andreassen deyib.

Tədqiqat zamanı o da müəyyən olunub ki, gənc əməkdaşlar iş vaxtı sosial mediadan onların yaşlı həmkarları ilə müqayisədə daha çox yararlanırlar. Ali təhsilli şəxslər belə resursların aktiv istifadəçiləridir. Kişilər qadınlara nisbətən daha çox internet resurslarından istifadə edir. Ailəli olmayan insanlar daha aktiv istifadəçilərdir. İntizamlı və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirən əməkdaşlar sosial mediaya daxil olmaq üçün az vaxt sərf edirlər.

Şu Andreassen izah edir ki, internet resurslarından istifadə tənha insanlar üçün ailəli insanlarla müqayisədə böyük sosial rol oynayır. Gənc və təhsilli insanlar kompüter haqqında daha çox biliyə malikdirlər, həmçinin iş zamanı onlar internetdən şəxsi məqsədlər üçün istifadəyə daha çox imkan əldə edirlər. “Bunu onunla izah etmək olar ki, daha yüksək sosial-iqtisadi statusa malik insanlar işi itirməkdən daha az ehtiyat edirlər. Onlar həmçinin sosial mediadan karyera irəliləyişinə görə istifadə edirlər, - "Lenta www.lenta.ru” yazır. 




02/07/14    Çap et