Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlılar Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımı göstərəcəklər
Azərbaycanlı mütəxəssislər Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımı göstərəcəklər.
Bu xahişlə Qabon Gömrük və Vasitəli Vergilər İdarəsinin Baş direktoru Mişel Ondinqa Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini Aydın Əliyevlə keçirilən görüşdə müraciət edib.
Komitədən verilən məlumata görə, görüş A.Əliyevin Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində reallaşıb. Görüşdə ötən il ölkəmizə etdiyi səfəri xatırladan M.Ondinqa səfər zamanı Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi nailiyyətlərin canlı şahidi olduğunu qeyd edərək, bu sahədə ölkəmizin təcrübəsindən faydalanmaq qərarına gəldiklərini bildirib. Bu səbəbdən Azərbaycan gömrüyündə tətbiq olunmuş bir sıra layihələr üzrə, xüsusən, “Bir pəncərə” prinsipi, gömrük prosedurlarında İnformasiya Texnologiyaları, Hədəf Mərkəzi və Kinoloji xidmət sahələrində əldə olunan təcrübənin Qabon gömrüyündə tətbiqi imkanlarının araşdırılması məqsədilə Azərbaycan ekspertlərinin Qabona səfər etməsini xahiş edib.
Öz növbəsində A.Əliyev xahişi müsbət qarşılayaraq səfərin yaxın zamanda reallaşması və Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımının göstərilməsi üçün öz dəstəyini əsirgəməyəcəyini bildirib.
Həqiqət İSABALAYEVA
02/07/14 Çap et