Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası elektronika sektorunun inkişafına 5 milyard avro investisiya qoyacaq


Avropa Komissiyası özəl müəssisələrin dəstəyi ilə qitənin elektronika sektorunun inkişafına 5 milyard avro investisiya qoyacaq. Belə ki, çərşənbə axşamı açıqlanan “ECSEL” (Electronic Components and Systems for European Leadership) təşəbbüsü çərçivəsində Avropanın mikroelektronika və texnoloji innovasiyalar seqmentinin dəstəklənməsi üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Bildirilir ki, təşəbbüs çərçivəsində bir sıra istehsalçılar, texnoloji şirkətlər, çip dizaynerləri, proqram təminatı tərtibatçıları və universitetlər Avropanın informasiya texnologiyaları (İT) sahəsində qlobal təşəbbüsləri üzərində çalışacaq, eləcə də prinsipcə, yeni texnologiya və xidmətlərin yaradılması üçün birgə tədqiqat qrupları ayıracaqlar.

Avropa Komissiyasının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes deyib ki, hazırda Avropada texnologiya və innovasiyalarla bağlı çoxlu işlər aparılsa da, sahələrarası əməkdaşlığın zəif olması səbəbindən bunların yalnız cüzi hissəsi kommersiya məhsulu mərhələsinə çata bilir. “ECSEL” layihəsinin başlıca vəzifələrindən biri daha çox ideyanı kommersiya məhsulları səviyyəsinə yüksəltməkdir.

Razılaşmaya əsasən, Avropa İttifaqı (Aİ) “ECSEL” layihəsinə 1,18 milyard avro, ittifaqın ayrı-ayrı ölkələri və müstəqil sərmayədarlar 1,17 milyard avro, sənaye tərəfdaşları 2,34 milyard avro yatıracaq. Proqram 2024-cü ilin dekabrınadək nəzərdə tutulub. Ümumilikdə layihədə Avropanın 1500 şirkəti, elmi tədqiqat institut və universiteti iştirak etmək arzusunu bildirib. Hazırda “ECSEL”-in sərəncamında 2,9 milyard avro dəyərində 74 “startup” layihəsi var, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  






03/07/14    Çap et