Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vəsaitlərin bankomatdan kartsız formada çıxarılması mümkünləşib


Azərbaycanda bankomatlardan kartsız formada vəsaitin çıxarılması da mümkünləşib. Bunun üçün müştərilərə xüsusi SMS xidməti təklif olunur. Belə ki, “Unibank” plastik kartlarında tətbiq olunan “Cash by Code” xidmətinin aktivləşdirilməsi müştərilərə sözügedən imkanı verib.
 
Adıçəkilən bankın yaydığı məlumata görə, “Cash by Code” - asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.
 
Vəsaitlərin göndərilməsi və alınması “MilliKart”da xidmət olunan və “Cash by Code” xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar. Xidmətdən istifadə qaydası da çox sadə formada qurulub və 2 etapdan ibarətdir. Ondan yararlanmaq istəyən şəxslər birinci addımda bankomatda “Cash by Code” xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifr əks olunmuş qəbz çap edilir.
 
İkinci addımda isə vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifr göndərilir.
 
Müştəri kod qəbzdəki şifr və SMS vasitəsilə göndərilən şifrləri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu əməliyyat icra olunan zaman hər hansı bir komissiya tutulmur.
 
SEYMUR




03/07/14    Çap et