Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Startup Azərbaycan 2014”-ün yekun təqdimat mərasimi keçirilib


Ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və  İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etmək məqsədi daşıyan “Startup Azərbaycan 2014”-ün yekun təqdimat mərasimi keçirilib.
 



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə təşkil edilən və bir paneldən ibarət olan konfransda nazir Əli Abbasov çıxış edərək, innovativ sahibkarlığa dəstək və onun inkişaf etdirilməsinin Azərbaycanda yürüdülən iqtisadi siyasətin vacib qolunu təşkil etdiyini vurğulayıb.



 

 Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, həmçinin neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişafı üzrə məqsədyönlü, ardıcıl tədbirləri həyata keçirir. Bu sahədə dövlətin müəyyən etdiyi perspektiv istiqamətlərin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yer aldığını da xatırladan Ə.Abbasovun sözlərinə görə, dövlətin gələcək siyasətinin əsasını neft gəlirlərinin iqtisadiyyatın transformasiyası məqsədilə yüksək texnoloji, rəqabətqabiliyyətli məhsul istehsalı, innovativ iqtisadiyyata yönəldilməsi təşkil edir.



 

 Həmçinin bu istiqamətdə  innovativ sahibkarlığın inkişafını təmin etmək, yerli şirkətlərin fəaliyyətinin gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə fondlar, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu,  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən güzəştli kreditlərin ayrılması, Prezident yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən isə qrantlar şəklində elmi tutumlu layihələrin maliyyələşdirilməsi həyata keçirilir ki, bu sahədə də RYTN EİM-lə yaxından əməkdaşlıq edir.



 

Nazirliyin digər fəaliyyət istiqamətlərindən də söz açan Ə.Abbasov hazırda RYTN-də “startup”-lara, innovativ sahibkarlığa sərmayə yönəldən investorların fəaliyyətinə dəstək məqsədilə onlara xüsusi güzəştlərin tətbiqi ilə bağlı təkliflərin hazırlandığını bildirib. İnnovativ iqtisadiyyatla məşğul olan sahələr üçün vergi, gömrük şərtlərinin yüngülləşdirilməsinin vacibliyini də önə çəkən nazir, həmçinin biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlərin əsas istiqaməti kimi bilik potensialının gücləndirilməsinin əhəmiyyətindən danışıb.
 



 

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə “Startup Azərbaycan” layihəsi haqqında ətraflı məlumat verib.
 
Müsabiqəyə cari ilin aprel ayından start verildiyini deyən O. Gündüz qeyd edib ki, bu müddətdə komanda formalaşdırılıb, ekspertlər və mentorlar müəyyən olunub, layihənin “www.startup.az”  rəsmi internet resursu  yenilənib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilmə üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb.




İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları olub. Hər bir yarımfinalçı  öz layihəsi ilə bağlı 3 dəqiqəlik təqdimatla çıxış ediblər. Səkkiz ekspertin iştirakı ilə keçirilən bu cür qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib”.
 

 

Tədbirdə ilk dəfə finalçılar (“Beth Clip”, “Butarek”, “İwork.az” “WEARn”, “Al-gətir”, “xercim.az”) da təqdim olunaraq, hər biri 3 dəqiqəlik qısa təqdimatla çıxış ediblər. Qaliblərə “CyberNet”, “SİNAM”, “Smart Systems” şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.
 
 
Daha sonra konfrans işini “Azərbaycanda Startup mühitinin (ekosisteminin) formalaşmasına dövlətin, özəl sektorun, fərdi investorların dəstəyi” mövzusu üzrə davam etdirib. Tədbir finala çıxan “startup”-larla  investorların qapalı görüşü  (pitç sessiya) ilə yekunlaşıb.
 
 
Həqiqət İSABALAYEVA




03/07/14    Çap et