Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Astanada “TASİM”-in növbəti dəfə təqdimatı olacaq
Cari ilin iyulun 15-16-sı tarixlərində Regional Rabitə Birliyinin (RRB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət nümayəndələrinin birgə yığıncağı keçiriləcək. Qazaxıstanın paytaxtı Astana şəhərində düzənlənəcək tədbirdə birliyə daxil olan üzv dövlətlər planlar, qarşıda duran məsələlər, atılacaq addımlar, cari problemlər və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
İclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər haqqında və eləcə də həyata keçirdiyi layihələr barəsində tədbir iştirakçılarının məlumatlandırılması nəzərdə tutulub.
İclas iştirakçıları Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünün bayram edilməsi istiqamətində görülən işlərə və bu istiqamətdə hazırlıq məsələlərinə baxacaqlar.
Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə uyğun olan qərarların qəbulu planlaşdırılır. Burada birliyin normativ sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi də daxil olmaqla yanaşı, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, bu yığıncaq çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı planlaşdırılıb. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təqdimat zamanı “TASİM” çərçivəsində bu günə qədər görülən işlərdən və qarşıda duran məqsədlərdən danışılacaq.
Seymur Qasımbəyli
04/07/14 Çap et