Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan vətəndaşları “Maps Google” servisinə daxil olunan dəyişiklikləri redaktə edə bilirlər
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin rəisi Rafiq Hüseynli mətbuata verdiyi müsahibədə bildirib ki, komitə artıq etiraz məktubunu hazırlayıb və yaxın günlərdə “Google” şirkətinə göndərəcək. Onun sözlərinə görə, bu məktub məsələyə heç bir müsbət təsir göstərməyə də bilər və heç bir nəticə verməyə də bilər.
“Maps” servisi hamı üçün acıqdır. Hər bir istifadəçi ona daxil olub adları redaktə edə bilər. Biz belə də edirik və gələcəkdə də belə edəcəyik.
Ermənilər tərəfindən göstərilmiş bəzi adlar artıq dəyişdirilib. Belə hadisələr gələcəkdə də təkrar oluna bilər. Bəlkə də “Google” özü belə halların qarşısını alacaq. Bunun üçün biz şirkətə məktub yazdıq”.
Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinə aid olan coğrafi adların dəyişdirilməsinə qarşı mübarizədə hamı fəal iştirak etməlidir. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texniki elmlər doktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin dediyinə görə, belə mənfi halların qarşısını almaq üçün iki yol var.
Onlardan biri istifadəçilərin virtual məkanda fəaliyyətidir: “Orada insanlar fəal olurlar. Bu, informasiya davasına oxşayır. Tövsiyə olunur ki, bizim istifadəçilər də İnternet məkanında fəal olsunlar və öz dəyərlərini müdafiə etsinlər”.
Digər yol isə beynəlxalq hüququn imkanlarından istifadə etməyi nəzərdə tutur. “Google” şirkəti ilə yazışıb araşdırmaq lazımdır.
Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət göndərilib. Çünki belə hadisələr beynəlxalq qanunlara ziddir. Buna qarşı hüquq və beynəlxalq hüquq müstəvisində mübarizə aparmaq lazımdır.
Bizim vətəndaşlarımız da, digər millətlərin nümayəndələri kimi, “Maps” servisinə daxil edilən dəyişiklikləri redaktə edə bilirlər. Hökumət bununla bağlı məsuliyyəti kiminsə üzərinə qoymamalıdır. Virtual dünya ucsuz-bucaqsızdır. Hər gün yeni resurslar peyda olur.
Virtual məkanda baş verən dəyişiklikləri izləmək üçün xüsusi təşkilat yaratmaq lazım deyil. Sadəcə, hər bir vətəndaş fəal olmalıdır və bu işdə iştirak etməkdən boyun qaçırmamalıdır", - R.Əliquliyev bu qənaətdədir.
23/08/11 Çap et