Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi istedadlı uşaqların I sinfə qəbul prosesində valideynlərin arzusu ilə videoçəkiliş aparıla bilər


20 iyul 2014-cü il tarixindən etibarən Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə elektron ərizələrin qəbuluna başlanılacaq. Proses təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013-cü il tarixli, 739 №-li əmrinə müvafiq olaraq həyata keçiriləcək.
 
 İdarədən qeyd edilib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
 
 
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin və ya digər qanuni nümayəndələrin ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır. Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir.
 
Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkiliş aparıla bilər. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
 
 
Həqiqət İSABALAYEVA




07/07/14    Çap et