Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreyalı mütəxəssislər RYTN-in nəzdində Elektron Hökumət üçün Təlim Mərkəzi yaradırlar
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) ezam olunan mütəxəssislər 5-27 iyul arasında avadanlıqların quraşdırılması, 2-17 avqust tarixlərində isə avadanlıqların təftişi ilə məşğul olacaq.
Ezamiyyətin məqsədi Bakı Təlim Mərkəzinin yaradılması üçün zəruri olan informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması, bilik və texnologiyanın ötürülməsi ilə sabit fəaliyyətin saxlanılması, yerli təlim mərkəzlərinə məsul olan mütəxəssislərin təlimidir.
Daha sonra koreyalı mütəxəssislər 15 yerli təlim mərkəzlərində quraşdırılmış avadanlıqların statusunu təftiş edəcək, Bakı təlim mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirəcək.
Xatırladaq ki, "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb.
3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.
07/07/14 Çap et