Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi üçün bağlanan müqavilənin müddəti sentyabrın 1-də tamamlanacaq


Dünya Bankının vəsaiti hesabına tikilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasının tikinti-quraşdırma işlərini yerinə yetirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə beynəlxalq tenderin qalibi olmuş Podratçı “El-Seym İnşaat” MMC arasında 29 avqust 2013-cü il tarixində müqavilə imzalanıb.
 
Müqavilənin müddəti cari ilin 1 sentyabr tarixində başa çatacaq. İTMİM-in texniki göstəricilərinə gəlincə, ümumi sahəsi 6 684 kv metr olan binanın əsas otaqlarına server otağı, konfrans zalı, toplantı zalı, treninq otağı, videonümayiş zalı və s. daxildir. Bundan başqa, ərazidə transformator yarımstansiyası, dizel-generatorlar üçün tikili, qazanxana, nasosxana və avtomobillər üçün yerüstü dayanacaq da nəzərdə tutulub.
 
 
Qeyd edək ki, təsisçisi dövlət olan və ƏMDK-in tabeliyində yaradılan mərkəzin çoxsaylı vəzifələri var.
 
 Buraya komitənin müvafiq qurumları ilə birlikdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının hazırlanması və onun həyata keçirilməsinə dair təkliflərin hazırlanması; İKT-dən istifadə sahəsində fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə komitədaxili informasiya sistemlərində təftişlərin keçirilməsi və təhlillərin aparılması; ƏMDK-in informasiya texnologiyaları strategiyasının inkişaf etdirilməsinə dair təkliflərin hazırlanması; qurumun informasiya sistemləri və məlumat bazalarının, o cümlədən, Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarəedilməsi İnformasiya Sisteminin yaradılmasının təşkil edilməsi, təkmilləşdirilməsi və dəstəklənməsi; ünvan reyestri informasiya sisteminin yaradılmasının təşkil edilməsi, təkmilləşdirilməsi və dəstəklənməsi daxildir.
 
Həmçinin mərkəz komitə sistemində istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətinin təşkil edilməsi, informasiya mübadiləsinin mexanizminin müəyyən edilməsi və onun yaradılmasının təmin edilməsi; normativ-hüquqi aktlarda və qanunvericilikdə baş verən dəyişiklik və yeniliklərin müvafiq qurumların təklifi əsasında informasiya sistemləri və məlumat bazalarında nəzərə alınmasını təmin etmək; komitənin informasiya sistemlərinin və kompüter texnikasının istismarının təşkilinə metodiki rəhbərlik və bu işlərin icrasına nəzarət etmək; daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının elektron daşıyıcılarda aparılması məqsədilə hazırlanmış informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət edilməsi kimi fəaliyyət istiqamətləri üzrə çalışacaq.
 
Digər vəzifələr sırasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının elektron daşıyıcılarda aparılması zamanı buraxılmış texniki səhvləri aşkar etmək və onların aradan qaldırılmasına dair təkliflər verilməsi; ƏMDK-in iştirakçısı olduğu beynəlxalq layihələrdə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı məsələlərin əlaqələndirilməsinin təmin edilməsi; onun fəaliyyət sahələri üzrə məkan məlumat bazasının yaradılması, metaməlumatların toplanması və məkan məlumatları xidmətlərinin göstərilməsi sahəsində coğrafi informasiya sistemlərinin tətbiqi və idarə edilməsi; komitə üzrə internet saytlarının, informasiya portallarının, o cümlədən geoportalların yaradılmasının təşkil edilməsi, onların məzmun və informasiya baxımından yeniləşdirilməsi ilə bağlı təkliflərinin hazırlanması və s. yer alır.
 
 
Həqiqət İSABALAYEVA




08/07/14    Çap et