Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kənd təsərrüfatı siyahıyaalınması” üzrə hazırlanmış proqram təminatı sınaqdan keçirilib


Azərbaycanda 2015-ci ildə keçiriləcək ümumrespublika “Kənd təsərrüfatı siyahıyaalınması” üzrə aparılan sınaq işləri başa çatıb.
 
Quba rayonunda baş tutan sınaq siyahıyaalma zamanı bu məqsədlə hazırlanmış məlumatların işlənməsi üzrə proqram təminatı, çıxış cədvəlləri və s. təşkilati işlər sınaqdan keçirilib.
 
 Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, prosesdə rayonun 6 inzibati ərazi dairəsi üzrə 2000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunub, siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb edilib.
 
 
Qeyd edək ki, dövlət əhəmiyyətli mühüm tədbir hesab edilən “Kənd təsərrüfatının siyahıyaalınması” çərçivəsində Azərbaycanda aqrar sahənin müvafiq göstəricilərini əks etdirən informasiya bazası yaradılacaq.
 
Komitədən vurğulanıb ki, aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsi vacibdir.
 
Gələn il keçiriləcək siyahıyaalınma mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcək.
 
Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir. Mütəxəssislərin rəyinə görə, yaradılan informasiya bazası nəticə etibarilə iqtisadiyyatın inkişafına təkan verəcək.
 
 
Həqiqət İSABALAYEVA




08/07/14    Çap et