Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən çox istifadə edilən elektron xidmətlər bəlli oldu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən müxtəlif istiqamətlər üzrə aparılan imtahan prosesi TQDK-nın elektron xidmətlərinə tələbatı daha da artırıb.
Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin iyun ayı üzrə siyahısında TQDK ilk yeri tutub.
Ümumilikdə sözügedən cədvəldə 20 xidmətin və təchizatçının adı yer alıb.
Beləliklə, cədvəl üzrə birinci yerin sahibi olan TQDK-nın “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet vasitəsilə verilməsi” elektron xidmətinə 01.06.2014 – 30.06.2014-cü il dövrü ərzində 107858 müraciət edilib.
“Telefon nömrəsi üzrə axtarış” xidməti isə bu dəfə siyahının ikinci pilləsindədir. Təchizatçısı RYTN olan bu xidmətə edilən müraciətlərin sayı 53811-dir. “Elektron hökumət” portalı vasitəsilə
ən çox istifadə olunan e-xidmətlərin siyahısında üçüncü yer də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına məxsusdur.
Belə ki, qurumun “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən portal vasitəsilə 6352 nəfər istifadə edib. Portalın ən fəal təchizatçılarından olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi “Sığortaolunanın onlayn uçota alınması” xidməti 4305 müraciətlə 4-cü yerdə gəlir.
Səkkiz elektron xidmətlə siyahının 4-11-ci mövqeyinə sahib olan DSMF-nın müvafiq olaraq “Sığortaolunanlara məlumatların verilməsi” xidməti üzrə 4109, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidməti üzrə 2466, “Pensiya kalkulyatoru” xidməti üzrə 1718, “Pensiyaçıya məlumatların verilməsi” xidməti üzrə 1556, “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” xidməti üzrə 1600, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” xidməti üzrə 1212, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” xidməti üzrə isə 913 müraciət qeydə alınıb.
İyun ayında vətəndaşların mobil cihazların qeydiyyatı üzrə müvafiq xidmətdən istifadəyə də marağı artıb.
RYTN-in təqdim etdiyi “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətinə bir ayda 763 müraciət qeydə alınıb. Siyahıda növbəti sırada təchizatçı qismində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yer alıb.
Komitənin təqdim etdiyi “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” xidmətindən 689 dəfə istifadə edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təchizatçısı olduğu “E-İmza - Sertifikatların sifarişi” elektron xidməti isə 662 müraciətlə 14-cü pillədədir. 15-ci sırada Daxili İşlər Nazirliyinin (DİN) “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” elektron xidməti gəlir ki, bir ay ərzində bu xidmətdən də 620 nəfər portal vasitəsilə yararlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətinə edilən müraciətlərin sayı isə iyun ayında 462 olub. Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidməti də ayın ən çox istifadə edilən xidmətləri sırasına düşüb.
Beləliklə, bu xidmətlə iyun ayında 345 portal istifadəçisi maraqlanıb.
“Su borcunun internet vasitəsilə öyrənilməsi” xidməti isə 18-ci yerdə qərarlaşıb. “Azərsu” ASC-nin təqdim etdiyi xidmətə iyun ayı ərzində 329 müraciət qeydə alınıb. Sonrakı yerdə “Abituriyent ərizəsi”nin nömrəsinin axtariş sistemi” elektron xidməti dayanıb. Təchizatçısı TQDK olan xidmətə 316 müraciət olunub. “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin iyun ayı üzrə siyahısında son yer Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Komitənin 20-ci yerdə dayanan “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinə 312 müraciət edilib.
Həqiqət İSABALAYEVA
09/07/14 Çap et