Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda beynəlxalq konfrans keçirilib


İyulun 9-da Bakıda "ADA" Universiteti və Qlobal Biznes və Texnologiya Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər" mövzusunda XVI beynəlxalq konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, "ADA" Universitetinin rektoru Hafiz Paşayev konfrans iştirakçılarına ali məktəb barədə ətraflı məlumat verib. Azərbaycanın son illər qazandığı nailiyyətləri diqqətə çatdıran rektor H.Paşayev bu uğurların əldə olunmasında müasir idarəetmə sisteminin rolundan bəhs edib.

Çağdaş dövrdə qloballaşmanın meydana gətirdiyi yeni çağırışlardan danışan rektor deyib ki, qloballaşan dünyada idarəetmədə müasir yanaşmalar mövcuddur. H.Paşayev bu baxmdan biznes və texnologiya sahələrində əldə olunan uğurların və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov müasir dövrdə yeni, innovativ texnologiyaların tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, bu gün dünyada yaranmış sərt beynəlxalq rəqabət şəraitində aparıcı ölkələrin iqtisadi uğurları əsasən texnoloji nailiyyətlərə əsaslanır. Elmi-texniki tərəqqinin əsas stimullaşdırıcı amili kimi bu uğurların qazanılmasında informasiya və kommunikasiya texnologiyalarının rolu təkzibedilməzdir. İKT artıq dünya iqtisadiyyatının ən dinamik və sürətlə inkişaf edən perspektivli sektoruna çevrilib.

Ölkəmizdə həyata keçirilən İKT layihələri, xüsusən "Elektron hökumət" portalı barədə də məlumat verən Ə.Abbasov, bu istiqamətdə qabaqcıl dünya təcrübəsindən istifadə edildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə qurumun ölkə iqtisadiyyatında oynadığı roldan danışmışdır. Fondda yüksək səviyyədə idarəetmə mexanizminin qurulduğunu vurğulayan Ş.Mövsümov, ARDNF-in bir sıra beynəlxalq qurumlara üzv olduğunu, respublika iqtisadiyyatı üçün önəmli olan iri iqtisadi və sosial layihələri maliyyələşdirdiyini qeyd edib.

Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Beynəlxalq konfrans işini sessiyalarla davam etdirib. Sessiyalarda mədəni müxtəlifliyə, iqtisadi, texnoloji, sosial, hüquqi məsələlərə, sənaye və digər təşkilatların idarə edilməsində qarşıya çıxan problemlərə dair elmi məqalələr təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaqdır.

"ADA" Universitetində keçirilən beynəlxalq konfransa 40-dan artıq ölkədən nümayəndələr qatılmışdır. Konfransın təşkilatçıları arasında "ADA" Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya Respublikası, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da vardır.

Konfrans iyulun 12-dək davam edəcəkdir.
 




09/07/14    Çap et