Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə keçiriləcək “Bakı Elm Festivalı - 2014”-də yeni elmi texnologiya və innovativ nailiyyətlər təqdim olunacaq


Azərbaycanda ilk dəfə təşkil olunan elm festivalının keçiriləcəyi tarix dəqiqləşdirilib, formatı və proqramı müəyyənləşdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan “Bakı Elm Festivalı - 2014” bu il noyabrın 10 və 11-də keçiriləcək.
 
Akademiyadan verilən məlumata görə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.
 
Tədbir AMEA-nın təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə hazırlanır. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) İdarə Heyətinin növbəti iclasında da AMEA-nın 70 illik yubileyi çərçivəsində keçiriləcək festivala hazırlıq, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin təşkili müzakirə edilib.
 
İlk olaraq “Gənc tədqiqatçı və elm” jurnalının birinci nömrəsinin nəşrə hazırlanması müzakirəyə çıxarılıb. Şuranın “Elmi nəşrlər” bölməsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Aytən Qarayusifova bildirib  ki, məqalələrin toplanması üçün elan verilmiş, ötən bir ay müddətində ayrı-ayrı bölmələr üzrə gənc alim və tədqiqatçılar tərəfindən 30-a yaxın elmi əsər redaksiyaya göndərilib. Hazırda məqalələrin ekspertizası aparılır.
 
 
Həqiqət İSABALAYEVA




09/07/14    Çap et