“DARPA” yaddaşın bərpası üçün beyin implantatı yaradacaq
ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyinin (DARPA) tədqiqatçıları yaddaşı bərpa etməyə imkan verən beyin implantatı hazırlayırlar. Bu barədə agentliyin saytında məlumat verilib.
“Aktiv yaddaşın bərpası” adlandırılan implantatın hazırlanması üzrə proqram “DARPA” tərəfindən maliyyələşdirilir. Məqsədi kəllə-beyin travması alan veteranlar üçün yaddaşın bərpası vasitəsinin yaradılması olan proqram üzərində Kaliforniya və Pensilvaniya universitetlərinin alimləri çalışır.
Proqram çərçivəsində artıq beynin zədələnmiş hissəsini əvəz edən implantat yaradılıb. İmplantat beynin sağlam hissəsindən neyrosiqnal alır və onu zədələnmiş hissəyə ötürərək yeni neyron rabitə formalaşdırır. İmplantat siçovullar üzərində uğurla sınaqdan keçirilib.
Hazırda tədqiqatçılar neyronların informasiyanı kodlaşdırmasını nümayiş etdirən kompüter modelləri yaradırlar ki, beynin yadasalmanı formalaşdırmaq bacarığını necə bərpa etmək aydın olsun.
Kaliforniya Universitetinin alimləri epilepsiya xəstələrinin elektron implantatlarından alınan məlumatları tədqiq, Pensilvaniya Universitetinin tədqiqatçıları isə neyrocərrahiyyə klinikası xəstələrinin beyninə qoşulan elektrodların məlumatlarını təhlil edəcəklər. Yadasalmanın formalaşması prosesini başa düşmək üçün xəstələr yaddaşın məşqinə yönələn kompüter oyunları oynayacaqlar.
Sonda alimlər tədqiqatların nəticələrini birləşdirərək implantat yaradacaqlar. Proqramın müddəti qeyri-məhduddur.
Məlumat üçün bildirək ki, 2000-ci ildən ABŞ-ın 270 mindən çox hərbçisi və 1,7 milyon mülki şəxsi ağır kəllə-beyin travması alıb. Onların əksəriyyəti yaddaşını və informasiyanı yadda saxlamaq qabiliyyətini itirib. Hazırda bu xəstəliklər üçün effektiv müalicə vasitələri mövcud deyil, - "theRunet
www.therunet.com” yazır.