Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə biganə yanaşan işəgötürənlər cəzalanacaqlar
Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi prosesi daim nəzarətdə saxlanacaq, həmçinin əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə biganə yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlər görüləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə məlumat verib.
Xidmət rəisi qeyd edib ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli fərman ölkədə əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasına yönələn mühüm islahatın aparılmasına əsas yaradır:
"Fərman bağlanmış hər bir əmək müqaviləsinin artıq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sistemində qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Bu da əmək bazarında mövcud əmək münasibətlərinə daha çevik və səmərəli şəkildə dövlət nəzarətini tətbiq etməyə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalara son qoyulmasına imkan verir. Bu tədbir həmçinin işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün də əsas yaradacaq".
F.Əlizadə nəticə etibarilə işçi hüquqlarının təminatında keyfiyyətcə yeni mərhələ açan fərmana uyğun olaraq, EİS-in proqram təminatının hazırlandığını və sınaq işləri nəticəsində təkmilləşdirildiyini bildirib:
"Bundan sonra bağlanan hər bir əmək müqaviləsi, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyatdan keçməsindən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir".
Onun sözlərinə görə, bu islahatla bağlı DƏMX tərəfindən işəgötürənlər arasında müvafiq təbliğat-maarifləndirmə işləri aparılır, bölgələrdə artıq yardım masaları fəaliyyət göstərir və işəgötürənlərə lazımi metodiki kömək göstərilir. "Əminəm ki, hər bir işəgötürən ölkəmizin əmək və sosial müdafiə sisteminin müasirləşdirilməsi istiqamətində uğurlu addımlardan biri olan bu islahat prosesində fəal iştirak edəcək".
Həqiqət İSABALAYEVA
11/07/14 Çap et