Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan TASİM layihəsinin dənizaltı seqmentinin iki xətt ilə tikintisi istisna edilmir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın layihəsi çərçivəsində növbəti mərhələdə 2016-cı ildə Prinsipial Sazişi imzalamağı planlaşdırır.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin verdiyi məlumata əsasən, sazişin imzalanması layihə çərçivəsində əməliyyatların başlanmasına imkan verəcək.
“Bu, bütün iştirakçılardan güclü birgə səy tələb edəcək. Əminəm ki, qarşılıqlı faydalı, kommersiya cəhətdən hər tərəfə uyğun olan strateji həllin əldə edilməsi mümkündür və Azərbaycan bu mövzuda səylərini əsirgəməyəcək. Bu gün Bakıda keçirilən seminarın layihənin gerçəkləşməsində irəliləyişə səbəb olacağına ümid edirəm. Əlbəttə, biz bütün kommersiya, texniki və hüquqi detalları əhatə edə bilmərik, lakin biz, TASİM biznes model inkişafı, gəlir paylaşımının razılaşdırılması və TASİM marşrutun yekunlaşması kimi mövzularda müzakirə edərək əhəmiyyətli tərəqqiyə nail oluruq”, - deyə nazir müavini qeyd edib.
E. Vəlizadənin sözlərinə əsasən, hazırda artıq layihənin dənizaltı seqmentinin tikintisi ilə bağlı Qazaxıstanla danışıqlarda irəliləyiş var, lakin magistralın Türkmənistan istiqamətində bir qolunun tikintisi də istisna edilmir.
Aynur Vəliyeva
11/07/14 Çap et