Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Cybernet" bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlayıb


Azərbaycan Vergilər Nazirliyinin  sifarişi ilə "Cybernet" şirkəti bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlayıb.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ilkin mərhələ olaraq ölkə ərazisində səkkiz bələdiyyədə - Binəqədi bələdiyyəsi, Binəqədi qəsəbə bələdiyyəsi, Biləcəri, M.Ə.Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyəsində yerli (bələdiyyə vergi və ödənişlərinin) ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib.
 
Hazırda layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur. Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə Bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər.
 
"Cybernet" MMC-də proqram təminatına cavabdeh qrupun rəhbəri Ramin Bağırov bildirdi ki, layihə Bələdiyyə Vergi İnformasiya sistemi ilə yanaşı, İnternet Bələdiyyə İdarəsi  sisteminin də hazırlanmasını nəzərdə tutur.  Layihə başa çatdıqdan sonra Bələdiyyələr  uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam şəkildə avtomatlaşdırılmış şəkildə həyata keçirəcək. 
 
Aynur Vəliyeva




12/07/14    Çap et