Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçiləri üzərində sınaqlar aparır


Pentaqon qlobal sosial şəbəkələr, o cümlədən "Facebook” və “Twitter” istifadəçilərinin əhval-ruhiyyəsinin manipulyasiyası ilə bağlı tədqiqatların aparılması üçün on milyonlarla dollar vəsait ayırıb. Bu barədə “The Guardian” nəşri məlumat verib.   

“Social Media in Strategic Communication” (SMISC) adlandırılan layihə ABŞ Müdafiə Nazirliyinin texnoloji bölməsi, eləcə də nazirlikdən layihənin həyata keçirilməsi üçün vəsaitlər alan universitetlərin alimləri tərəfindən reallaşdırılır.  

Layihə çərçivəsində “Twitter” mikrobloqlar servisinin, eləcə də internet istifadəçilərinin sosial şəbəkələrdəki şərhlərinin monitorinqi nəzərdə tutulur. Bundan başqa, layihə bilavasitə internet istifadəçiləri ilə ünsiyyət quracaq. Bildirilir ki, insanın reaksiyasını öyrənmək üçün istifadəçinin xəbərlər lentinə və ya poçt ünvanına müəyyən informasiya göndərilir.  

Pentaqon təmsilçiləri həmçinin bir-biri ilə tanış olan sosial şəbəkə istifadəçilərinin nə dərəcədə yaxın olmalarını tədqiq ediblər. ABŞ Müdafiə Nazirliyinin nümayəndələri sosial şəbəkələrdə keçirilən təbliğat kampaniyalarının effektivliyini və onların ictimaiyyətin vacib məsələlərlə bağlı rəyinə təsirini öyrəniblər, - "SecurityLab www.securitylab.ru” yazır. 




14/07/14    Çap et