Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gəncləri internetin mənfi təsirlərindən qorumaq tək valideynlərin deyil, hamının başlıca vəzifəsi olmalıdır”


Azərbaycanın Şirvan şəhərində "Sosial şəbəkələrin gənclərə zərərli təsirinin azaldılması yolları" adlı "dəyirmi masa" keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə rayonun ziyalıları, gənclər, media nümayəndələri, ictimai fəallar iştirak ediblər. "Dəyirmi masa"da qeyd edilib ki, bütün dünyada olduğu kimi, Azərbaycan gəncləri arasında da sosial şəbəkələrə qoşulanların sayı artıb. Bildirilib ki, son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşması onların aktivliyini artırmaqla yanaşı, mənfi meyillərə də yol açır.
 
Qeyd edilib ki, sözügedən şəbəkələrin ziyanları da cəmiyyətdə müəyyən aşınmalara səbəb ola bilər. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri, layihə rəhbəri İlham Əliyev bu məsələlərə diqqət çəkərək deyib ki, bu gün gənclərimiz aktiv sosial həyat keçirirlər. Ona görə də əvvəlki illərə nisbətən indi daha çox informasiyaya malikdirlər: "Bununla belə, sosial şəbəkələrin zərərli təsirləri də var. Bir sıra dini sektalar, mənfi siyasi meyilli qruplar gəncləri təsirə sala bilir. Son illər cəmiyyətdə ateizm, anarxizm kimi zərərli meyillərin yayılmasında sosial şəbəkələrin rolu da az deyil. Biz gəncləri bu cür təsirlərdən uzaq tutmalıyıq.
 
 
Azərbaycan xalqı öz soy-kökünə, milli, dini dəyərlərinə bağlı xalqdır. Azərbaycan dövləti insanların inancına, dini dünyagörüşünə hörmət edir, cəmiyyətimizdə dini dözümlülük var. Ancaq bəzi qüvvələr azadlığı anarxiya kimi başa düşür, dini dözümsüzlük nümayiş etdirməyə çalışırlar". QHT sədri deyib ki, ziyalılar, valideynlər, nüfuzlu din xadimləri gənclərin maarifləndirilməsində iştirak etməli, onların sosial şəbəkələrdən düzgün istifadəsinə çalışmalıdırlar.
 
 
Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin məsləhətçisi Adıgözəl Gözəlov layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, gəncləri internetin mənfi təsirlərindən qorumaq tək valideynlərin deyil, hamının başlıca vəzifəsi olmalıdır. Çünki uşaqların tərbiyəsi tək bir ailənin yox, bütün cəmiyyətin məsuliyyətidir.
Tədbirdə o da vurğulanıb ki, son illər Azərbaycanda QHT sektoru çox geniş aspektdə inkişaf edib. Onların bilavasitə iştirakı ilə cəmiyyətin ehtiyac duyduğu istiqamətlər üzrə olduqca mühüm layihələr həyata keçirilir. Bildirilib ki, gənclərlə iş hər zaman aktual olub və bugünkü internet çağında daha da vacib işə çevrilib. Yeniyetmələrin sosial şəbəkələrin mənfi təsirlərindən qorunmasında ictimai təşkilatlar media ilə, ziyalılarla birgə hərəkət etməli, təbliğat işlərini gücləndirməlidirlər.
 
SEYMUR




14/07/14    Çap et