Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SABAH qruplarına qəbul olmaq üçün “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20 müəyyənləşdirilib


SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb. Müsabiqənin bu mərhələsi Bakı şəhəri və Naxçıvan MR-də keçirilib və ümumilikdə 1154 nəfər namizəd bu imtahanlarda iştirak edib. Bu mərhələdə namizədlərin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib.
 
Təhsil Nazirliyindən qeyd edilib ki, II mərhələnin yekunlarına əsasən, yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən müvafiq ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu - müsahibə mərhələsinə buraxılırlar.
 
Bu ixtisaslara Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, İqtisadiyyat, Kompüter elmləri, Elektroenergetika mühəndisliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və s. daxildir. “Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib.
 
“Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə  ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər. Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcək.
 
Həqiqət İSABALAYEVA




15/07/14    Çap et