Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumətə keçidlə bağlı çox mühüm və əhəmiyyətli addımlar atılır”


“Azərbaycanda elektron hökumətə keçidlə bağlı çox mühüm və əhəmiyyətli addımlar atılır. Artıq ölkəmizin bu istiqamətdə faydalı təcrübəsi var.  Dövlət orqanlarında göstərilən xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb. Əhali e-xidmətlərdən geniş şəkildə istifadə etməyə başlayıb”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə səfərdə olan Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) nümayəndə heyətinin üzvləri ilə görüşündə söyləyib.
 
 
İFJ nümayəndələri Oliver Money-Kyrle və Adrien Collin səfərlərinin məqsədi haqqında danışaraq qeyd ediblər ki, fəaliyyətləri media mühiti, jurnalistlərin əmək və təhlükəsizlik şəraiti barədə araşdırmalar aparılmasına yönəlib. Eləcə də, jurnalistlərin məlumat yaymaq, internetdən məlumatları əldə etmək məsələləri də diqqət mərkəzindədir. 
 
Öz növbəsində A.Səfixanlı qonaqlara son illər ölkəmizdə KİV-in inkişafı, informasiya əldə etmək, söz və ifadə azadlığı sahəsində görülən işlər barədə geniş məlumat verərək qeyd edib ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində Azərbaycan ombudsmanına  “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyası da həvalə edilib.
 
 
Müvəkkilin bu istiqamətdə fəaliyyəti diqqətə çatdırılaraq bildirilib ki, ombudsmanın mandatının genişləndirilməsi, ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq, Elmira Süleymanova təsisatda KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələr keçirib. 
 
Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının (MFP) həyata keçirilməsinin əlaqələndirilməsi və monitorinqi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərliyin ombudsmana tövsiyə edildiyi, onun təşəbbüsü ilə ölkənin hər bir rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT, KİV və icma nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb.
 
 
 Eyni zamanda sözügedən MFP-nin 2.22-ci maddəsində  KİV üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsinin nəzərdə tutulduğu,  ötən müddət ərzində bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi, habelə ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyi, elektron hökumət istiqamətində kompleks addımlar atıldığı vurğulanıb.
 
SEYMUR




16/07/14    Çap et