ABŞ istehsalçısı Oulu şəhərindəki mobil bölməsini bağlayacaq
İyulun 17-də işçi heyətinin kütləvi ixtisarını elan edən ABŞ-ın “Microsoft” korporasiyası Finlandiyanın Oulu şəhərində yerləşən mobil telefonların hazırlanması üzrə bölmənin fəaliyyətini dayandıracaq. Müəssisənin əməkdaşları “Microsoft” tərəfindən “Nokia” şirkətinin mobil telefon bölməsi satın alınandan sonra ABŞ istehsalçısının tabeçiliyinə keçib.
Yerli KİV-in məlumatına görə, Finlandiyada ümumilikdə 1,1 min nəfər ixtisar ediləcək.
Bundan sonra mobil telefonların hazırlanması Finlandiyanın digər iki şəhərində - Salo və Tamperedə həyata keçiriləcək. Bundan başqa, Espo şəhərində yerləşən baş ofisdə də ixtisarların aparılacağı gözlənilir.
Finlandiyanın maliyyə naziri Antti Rinne korporasiyadan qarşıdakı hadisələr fonunda sosial məsuliyyət normalarına riayət etməsini tələb edib. O xatırladıb ki, “Nokia” ilə saziş imzalanan zaman ABŞ korporasiyası Suomidə tədqiqat və işləmələri inkişaf etdirməsi ilə bağlı vəd verib. Onun sözlərinə görə, ixtisar edilən əməkdaşlar “Nokia” şirkətinin “Bridge” proqramının iştirakçıları kimi eyni imkanlara malik olmalıdırlar. Belə ki, onlar şirkəti tərk etdikdən sonra öz bizneslərinə başlamaq imkanı əldə ediblər.
ABŞ korporasiyasının nümayəndələrinin sözlərinə görə, Oulu şəhərindəki bölmənin əməkdaşları istehsal bölməsinin saxlanılacağı digər iki şəhərdə işlə təmin olunacaqlar.
Növbəti il ərzində “Microsoft” daha 18 min nəfərin ixtisarını planlaşdırır ki, onların da 12,5 mini “Nokia”nın dünya üzrə fəaliyyət göstərən bölmələrinin əməkdaşıdır. İxtisarlar Finlandiya şirkətinin mobil biznesinin (Devices & Services bölməsi) “Microsoft” korporasiyasına 5,4 milyard avroya satılması ilə əlaqədardır, - “İTAR-TASS
www.itar-tass.com” yazır.