Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” və "Junior Achievement Azərbaycan" tələbələri mükafatlandırıblar


Azərbaycanın mobil rabitə operatoru “Bakcell” şirkəti, "Alcatel-Lucent Azərbaycan" və "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı "İşə hazırlıq" proqramının 15 iştirakçısını sertifikatlarla təltif edib.

Layihə Bakcell şirkətinin dəstəyi ilə və "Alcatel-Lucent Azərbaycan" şirkəti ilə tərəfdaşlıq çərçivəsində "Junior Achievement Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən "Mobil telekommunikasiya biznesinə giriş" proqramı çərçivəsində həyata keçirilir.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer tələbələri "İşə hazırlıq" proqramını uğurla bitirdiklərinə görə təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb.

"Biz istəyirik ki, gənclərimiz telekommunikasiya biznesi haqqında daha çox öyrənsinlər. Bakcell-də keçirilən "İşə hazırlıq" proqramı mobil rabitə şirkətinin necə işlədiyini müşahidə etmək üçün tələbələrə verilmiş əvəzolunmaz bir füsətdir", - Şirer bildirib.

"Junior Achievement Azərbaycan" təşkilatının icraçı direktoru Rəşad Xanlarov təcrübə imkanlarına görə tələbələr adından Bakcell şirkətinə təşəkkürünü bildirib. "İşə hazırlıq" proqramı zamanı iştirakçılar şirkətin strukturu və mövcud karyera imkanları barədə öyrəndi və ən əsası, müxtəlif peşələrə sahib olmaq üçün lazımi bilik və bacarıqlara yiyələndilər.

Bakcell şirkətinin peşəkar mütəxəssislərinin birbaşa nəzarəti alltında tələbələr onlara verilən tapşırıqları yerinə yetirir və korporativ mühitə qatılırdılar.

Nəticədə onlar gələcək karyera seçimlərini daha yaxşı edə biləcəklər", - Xanlarov vurğulayıb. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərini təmsil edən 45 tələbə proqramda iştirak etmək üçün seçilib.

Proqram çərçivəsində tələbələr işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər.

Təlim proqramı Bakcell, Alcatel-Lucent və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovasiyalı material əsasında təşkil olunub.

Ən uğurlu 15 tələbə Bakcell şirkətində təcrübə proqramında iştirak etmək və telekommunikasiya biznesində karyera haqqında öyrənmək imkanı qazanıb. Baş qərargahı Parisin 7-ci inzibati bölgəsində yerləşən "Alcatel-Lucent" şirkəti ümumdünya telekommunikasiya korporasiyasıdır.

Şirkət dünya üzrə müxtəlif provayder, özəl və dövlət müəssisələrini telekommunikasiya xidmətləri ilə təmin etməklə yanaşı, müştərilərə səs, məlumat və video xidmətlərinin çatdırılmasına imkan yaradır. Şirkətin xidmətlərinə sabit, mobil və birnöqtəli şəbəkə təminatı, IP-texnologiya, proqram təminatı və oxşar xidmətlər aiddir.

"Alcatel-Lucent" kommunikasiya sənayesində innovasiya və elmi-tədqiqat işləri ilə məşğul olan və bu sahədə dünyanın ən iri şirkətlərindən biri olan "Bell Labs" laboratoriyasının texniki və elmi təcrübəsindən istifadə edir. "Alcatel-Lucent" dünyanın 130-dan artıq ölkəsində fəaliyyət göstərir.

"Junior Achievement Azərbaycan" (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan ümumdünya JA Təşkilatının yerli təmsilçisidir.

"Junior Achievement"ın missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdə davam edir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur.

Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan "Junior Achievement" ictimai və fərdi donorların dəstəyi ilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçib.

"Junior Achievement Azərbaycan" onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.




24/08/11    Çap et