Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İkinci rübdə 23,227 nəfər öz kredit hesabatını əldə etmək məqsədilə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciət edib


Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə ikinci rübün yekunları məlum olub. Mərkəzi Bankdan (MB) bildirilib ki, hesabat dövrü ərzində reyestrdən 41 bank və 31 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Dövr ərzində reyestrdə 1,421,310, o cümlədən banklar və BOKT-lər tərəfindən 1,398,083 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı ( II rüb, 2013 - 988,367) 1.43 dəfə artıb. 23,227 ( II rüb, 2013 – 2,358) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib.
 
Dövrün sonunda MKR-də
haqqında məlumat toplanan borcalanların sayı 2,138,886, kredit məlumatlarının sayı 7,738,882, cəmi zaminlərin sayı isə 989,278 olub. Mərkəzi Bankdan (MB) bildirilib ki, tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir.
 
 
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri MB-da 2005-ci ildə yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditlər haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına, habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur.
 
MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır.
 



Həqiqət İSABALAYEVA




19/07/14    Çap et