Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir
Bağlanan hər bir əmək müqaviləsi əmək müqaviləsi bildirişi formasında elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə malik olur və əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi “Elektron hökumət” portalı (https://www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə həyata keçirilir. Ümumiyyətlə, cari ilin 1 iyulundan həyata keçirilən bu islahat tədbiri əmək bazarına, əmək münasibətlərinin rəsmiləşdirilməsinə, nəticə etibarilə əmək hüquqlarının təminatına daha səmərəli və operativ dövlət nəzarəti mexanizminin formalaşmasına xidmət edir.
Eyni zamanda, bununla qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas yaranacaq. Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bərdə rayonunda baş tutan “Açıq qapı” günü - vətəndaş forumunda səsləndirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənlərinin iştirakı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair keçirilən forumda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiq olunmasının əhəmiyyətindən bəhs edilib.
Tədbirdə qeyd edilib ki, həyata keçirilən islahatla bağlı işəgötürənlər arasında geniş məlumatlandırma işləri aparılmaqla yanaşı, onlara bu prosesin həyata keçirilməsində daha yaxından metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində “Yardımçı masaları” yaradılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-də məlumatlar yayımlanıb.
Forumda əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formasının EİS-ə daxil edilməsi əyani şəkildə nümayiş etdirilib, işəgötürənlərə aidiyyəti üzrə praktik bilgilər aşılanıb. Gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə də işəgötürənlərə məlumat verilib, sistemə daxil edilmiş məlumatların təhlükəsizliyinin təmin olunduğu vurğulanıb.
Tədbir işəgötürənlərin suallarının cavablandırılması ilə yekunlaşıb.
Həqiqət İSABALAYEVA
21/07/14 Çap et