Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN və EİF İKT müsabiqəsindən uğurla keçmiş layihələrə dəstək verir


“İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Prezident yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən təşkil olunan müsabiqələrdən uğurla keçmiş layihələrlə bağlı işlər davam edir.
 
 Qrantların verilməsi üzrə 2013-cü il üçün ikinci məqsədli birgə İKT müsabiqəsindən uğurla keçmiş işlərdən biri də axtarış-innovasiya xarakterli elmi tədqiqat layihələrinə aid edilən “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi”dir.
 
Layihənin rəhbəri - Mərkəzi Elmi Kitabxananın (MEK) Gənc alim və mütəxəssislər şurasının sədri, doktorant, Azərbaycanşünaslıq şöbəsinin müdiri Abdullayeva Nərminə Dəmir qızı İKT-2 qrant müsabiqəsində qalib gəlmiş layihənin birinci mərhələsində nəzərdə tutulan işlərə müvafiq olaraq Belarusun Minsk şəhərində ezamiyyətdə olub.
 
MEK-dən bildirilib ki, layihə müəllifi ezamiyyət müddətində Belarus Milli Kitabxanasının (BMK) iş təcrübəsi, tətbiq olunan innovasiyaların, yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə prinsipləri və müasir xidmət növlərinin səviyyəsi ilə yaxından tanış olub. BMK-nın Elmi işlər və nəşriyyat fəaliyyəti üzrə direktor müavini Aleksandr Aleksandroviç Susha və İnformasiya Resurslarının formalaşdırılması üzrə direktor müavini Kuzminiç Tatyana Vasilyevna kitabxananın funksiya və vəzifələri, görülən işlər, yeniliklər barədə ümumi məlumat veriblər.
 
 
Qeyd edək ki, 2013-cü ildə keçirilmiş məqsədli birgə İKT müsabiqəsi çərçivəsində 29 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun 2013-cü il 28 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Sözügedən müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1 200 000 manat  olub. Elmin İnkişafı Fondu 24 layihənin maliyyələşdirilməsinə bir  milyon manat vəsait ayırıb.
 
Layihənin isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin  İnkişafı Fondunun icraçı direksiyası ilə 24 qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılıb və qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.
 
İkinci İKT müsabiqəsi fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat və b. tipli layihələri əhatə edib.
 
 
Həqiqət İSABALAYEVA




21/07/14    Çap et