Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya texnologiyaları üzrə təhsil alan tələbələr üçün təcrübə keçmək imkanı yaradılır
İnformasiya texnologiyaları (İT) üzrə təhsil alan tələbələrə təcrübə keçmək üçün imkan yaradılır. Bu imkanı informasiya texnologiyaları sahəsinin inkişafına və gənclərə dəstək məqsədilə növbəti dəfə “Cybernet” şirkəti reallaşdıracaq.
Şirkətdən bildirilib ki, Azərbaycan Universitetinin Kompüter elmləri və Kompüter mühəndisliyi fakültəsində oxuyan 40-a yaxın tələbə şirkətdə iyul ayı boyunca davam edən təcrübə proqramında iştirak edirlər. Tələbələr təcrübə müddətində “Cybernet”-in uğurlu layihələri əsasında əyani şəkildə sistem və şəbəkə, məlumat bazası, proqramlaşdırma və yardım masası barədə öyrənirlər:
“Şirkət tələbələrin təcrübədən maksimum dərəcədə faydalanması üçün aparıcı mütəxəssislərini təlimə yönəldib. Şirkətin Aparıcı sistem administratoru Aydın Əliyev bu cür mütəxəssislərdən biridir. O, təcrübəyə gəlmiş qruplara əməliyyat sistemləri, fayl sistemləri, kompüter sistem blokunun qurğuları və iş prinsipləri, əməliyyat sisteminin şəbəkə konfiqurasiyası və proqramlaşdırma sahəsindən təlim keçir”.
Təcrübə keçən tələbələrin mühazirələrə yüksək maraq göstərdiyini deyən Aydın Əliyev onların sual-cavablarda fəal iştirakını İT sahəsinə və proqramlaşdırmaya yüksək maraqlarının olması kimi qiymətləndirir. Təcrübə keçən tələbələr də təlimlərlə bağlı öz təəssüratlarını bölüşüblər. Kompüter mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi Aydın Mazanov təcrübəyə başlamazdan əvvəl Azərbaycandakı İT şirkətlərinin işi barədə məlumatsız olduğunu, daha çox veb-dizayn şirkətləri ilə maraqlandığını bildirib: “Cybernet” kimi iri və mürəkkəb layihələr həyata keçirən şirkətlərdən az məlumatlı olsam da, təcrübə boyunca mütəxəssislərə qulaq asıb, görülən işlərlə tanış olduqca bu sahəyə marağım daha da artır”.
Qeyd edək ki, keçən il elektron xidmət həlləri üzrə “İlin İT şirkəti” adına layiq görülmüş “Cybernet” hər il tələbələr üçün bu cür təcrübə imkanı təşkil edir. Şirkət bununla yanaşı, mütəxəssislərinin universitetlərdə İT sahəsində seminar və mühazirələrini də təşkil edir. “Cybernet” MMC Azərbaycanda informasiya texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Proqram təminatının yazılması, sistem arxitekturasının hazırlanması, İT infrastrukturunun qurulması ilə məşğul olan şirkət dövlət, bank və korporativ idarəetmə, maliyyə, telekommunikasiya, iri və orta müəssisələrdə qabaqcıl proqram və aparat həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası kimi xidmətlər təklif etməklə, əsasən, elektron xidmətlərin təşkili üzrə ixtisaslaşıb. “Cybernet” 2011-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya holdinqlərindən biri olan “Synergy Group”-un üzvü olub.
Nəticə olaraq, Qrupun strateji dəstəyi və digər biznes istiqamətləri ilə birləşmə gücü şirkət qarşısında yeni sahələrə aid bazarların açılmasına, məhsul, xidmət və səlahiyyət spektrinin genişlənməsinə, əməkdaşlığın yeni forma və üsullarını təklif edərək bazarda kompleks innovativ layihələrin hazırlanması və inkişaf etdirilməsinə imkan yaradıb. “Cybernet” MMC-nin mürəkkəb proqram məhsullarının tətbiqi və inkişafı sahəsində fəaliyyəti həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Həqiqət İSABALAYEVA
23/07/14 Çap et