Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bərabər imkanlar və inklüziya
“İnkişaf naminə idman” İB “Bakcell” şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə Azərbaycana ilk dəfə olaraq əlilliyi olan insanlar üçün kompüter avadanlığı gətirərək uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə bağışlayıb.
“Bakcell” və “İnkişaf naminə idman” İB tərəfindən həyata keçirilən “Bərabər imkanlar və inklüziyaya aparan yol” adlı layihə müxtəlif dərəcəli əlilliyi olan uşaqların kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edir.
Yardımçı texnologiyalar dedikdə əlilliyi olan insanın kompüterdən istifadəsini asanlaşdıran istənilən avadanlıq nəzərdə tutulur. Qeyd olunmalıdır ki, əlilliyi olan insanlar onların ehtiyaclarına uyğunlaşdırılmamış kompüterlərdən istifadə etməkdə əksər vaxtı çətinlik çəkirlər. Bu insanların kompüterdən səmərəli istifadəsini təmin etmək üçün uyğunlaşdırılmış monitor, klaviatura və s. avadanlığın olması vacibdir.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan insanlar üçün alternativ monitor, klaviatura və “mause” “Bakcell” şirkəti tərəfindən İngiltərədə bu istiqamətdə ixtisaslaşmış “İnclusive Technology Ltd”-dən alınaraq Bakıya gətirilib. “Bakcell” şirkətinin nümayəndəsi Kəmalə Vəlixanova və “İnkişaf naminə idman” İB-nin nümayəndələrinin iştirakı ilə avadanlıq uşaq inkişaf mərkəzlərinin və inklüziv ümumtəhsil müəssisələrinin istifadəsinə verilir.
25/07/14 Çap et