Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncə şəhərində hər 100 mənzildən 89,2-si telefonlaşdırılıb
“2014-cü ilin 1-ci yarımilində informasiya-kommunikasiya texnologiyaları sahəsində görülmüş işlərdə və qazanılmış uğurlarda Gəncə Telekommunikasiya İdarəsinin də payı var. Bununla əlaqədar olaraq bildirim ki, hesabat dövründə Gəncə TKİ-nin gəlirləri 2 milyon 322 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 405 min manat və ya 21% çoxdur”.
Bu fikirləri Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov söyləyib.
O qeyd edib ki, telefonlaşma sahəsində həyata keçirilmiş işlər nəticəsində 1-ci yarımil ərzində 909 yeni telefon çəkilib.
Rəisin sözlərinə görə, hazırda Gəncə şəhərində hər 100 mənzildən 89,2-si telefonlaşdırılıb, hər 100 nəfərə 18,7 telefon düşür:
“1-ci yarımildə Hacıkənd EATS-nə 5 km məsafədə optik kabelin çəkilişi başa çatdırılıb və EATS-in rəqəmsal transmissiyası təşkil olunub. 1500 məcburi köçkünün məskunlaşması üçün tikilmiş yeni qəsəbəyə 6 km məsafədə optik kabelin çəkilişi başa çatdırılıb. Hazırda qəsəbənin telefonlaşdırılması işləri davam etdirilir. Gəncə Pedaqoji Universitetinin 4 korpusu arasında ümumilikdə 5.2 km məsafədə optik kabellər çəkilib və bu kabellər üzərindən universitetin korporativ şəbəkəsi yaradılıb”. O əlavə edib ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Gəncə Telekommunikasiya İdarəsində struktur islahatları aparılmışdır:
“Ölkə prezidenti tərəfindən aparılan çoxşaxəli iqtisadi islahatlar, xüsusilə regionların inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət proqramları Gəncə şəhərinin inkişafına da mühüm təsirini göstərib. Məhz bunun nəticəsidir ki, hazırda şəhər dinamik inkişaf edir, yeni yaşayış məhəllələri salınır, sənaye və infrastruktur müəssisələri istifadəyə verilir. Baş verən bu dəyişiklikləri informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək belə mümkün deyildir. Odur ki, əmin etmək istəyirəm ki, bu sahədə nazir Əli Abbasovun rəhbərliyi və qayğısı sayəsində öhdəmizə düşən işləri uğurla həyata keçirəcəyik və Gəncə şəhərində informasiya-kommunikasiya texnologiyalarının daha mükəmməl inkişafına nail olacağıq”.
Genişzolaqlı internet istifadəçilərinin sayı artıb
Ə.Orucov eyni zamanda bildirib ki, cari ilin 1-ci yarımili ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 7.6 % artaraq 23 minə çatdırılıb: “Son 6 ayda da informasiya texnologiyalarının, xüsusilə internetin inkişafı diqqət mərkəzində saxlanılıb, internet xidmətinin genişləndirilməsi üçün həyata keçirilən tədbirlər davam etdirilib. Bu istiqamətdə ilk növbədə ümumi tutumları 1280 port olan genişzolaqlı şəbəkə avadanlıqları alınaraq quraşdırılıb”.
Onun sözlərinə görə, reallaşdırılan tədbirlər nəticəsində hazırda Gəncə şəhərində hər 100 mənzildən 36,2-si internet xidmətindən istifadə edir.
Şəhərdə genişzolaqlı internetin inkişaf etdirilməsi üçün özəl provayderlərə hər cür şəraitin yaradıldığını vurğulayan Ə.Orucov özəl sektorla səmərəli əməkdaşlığın qurulduğunu və lazimi, sağlam rəqabət mühitinin formalaşdırıldığını deyib:
“Məhz bunun nəticəsidir ki, hazırda Gəncə Telekommunikasiya İdarəsinin telefon şəbəkəsi üzərindən 11özəl internet provayderi internet xidməti göstərir və ümumilikdə genişzolaqlı internet istifadəçilərinin 16863-ü və ya 73% -dən çoxu özəl provayderlərin xidmətlərindən istifadə edir. Bununla belə, hesabat dövründə “Aztelekom.Net” provayderində istifadəçilərin sayının 1109 istifadəçi və ya 22% artımına nail olunub”.
Seymur Qasımbəyli
25/07/14 Çap et