Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sənaye Parkında İKT-nin ən son nailiyyətlərindən istifadə ediləcək


Sumqayıt Kimya Sənaye Parkında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə ediləcək. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən sənaye parkında müasir infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (Plug&Play) prinsipi ilə təklif olunacaq.
 
Məsələ ilə bağlı açıqlama verən parkın direktor müavini Zaur Məmmədov bildirib ki, bütün infrastruktur və kommunikasiya xətləri ən müasir yeraltı qalereyalar vasitəsilə çəkiləcək. Onun sözlərinə görə, xidmətin keyfiyyətinin artırılması məqsədilə “erkən xəbərdarlıq” sistemi qurulacaq. “Bununla da istifadəçilərin əməliyyat xərcləri minimum səviyyəyə enəcək” – deyən Z.Məmmədov əlavə edib ki, parka iki istiqamətdən qaz və elektrik xətlərinin çəkilməsi, 35 və 110 kilovatlıq iki yarımstansiyanın quraşdırılması nəzərdə tutulur.
 
Eyni zamanda, geniş şəbəkəyə malik su təchizatı və kanalizasiya sistemi yaradılacaq, müxtəlif ehtiyacları ödəyən su anbarı tikiləcək. Parkın ərazisində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə beynəlxalq standartlara cavab verən mərkəzi və dairəvi yolların salınması da planlaşdırılır.
 
 
SEYMUR




30/07/14    Çap et