Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması üzrə işlər aparılır
Son vaxtlarda ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib.
Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri aparılır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin 01 yanvar tarixindən 100 manata çatdırılıb:
“Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunub. Belə ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir”.
Xatırladaq ki, cari ilin 1 iyul tarixinə respublikamızda 559834 nəfər ailə üzvünü əhatə edən 128025 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37208-i tərkibində 3 və daha çox uşağı olan, 11596-ı məcburi köçkün, 307-i isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32789 nəfərdir.
Həqiqət İSABALAYEVA
30/07/14 Çap et