Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hərraclarda elektron xidmətlərin tətbiqi genişləndirilir


Ölkə başçısı tərəfindən vətəndaşlara şəffaf və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilib. Əsas tələblər kimi vətəndaşlara göstərilən xidmətlərin elektron formaya keçirilməsi, vətəndaş-məmur münasibətlərinin müasir üsullarla aparılması irəli sürülüb.
 
Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı, dövlət əmlakının özəlləşdirilməsi sahəsində də şəffaflığın və operativliyin təmin olunması, elektron əmlak idarəçiliyi sisteminin qurulması məqsədilə davamlı tədbirlər həyata keçirir. Müasir informasiya texnologiyaları tətbiq edilir və bu istiqamətdə işlər sürətlə genişləndirilir. Bu tapşırıqlardan irəli gələrək komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Bu il komitə yeni elektron xidmətlər istifadəyə verib.
 
 Elektron xidmətlər sahəsində komitənin həyata keçirdiyi növbəti tədbir dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulunun elektron müstəviyə keçirilməsidir.
 
 Məqsəd özəlləşdirmə prosesində müasir yanaşmaları, modern xidmətləri önə çəkmək və getdikcə tətbiqini genişləndirməkdir. Komitədən bildirilib ki, qeyd olunan müasir yanaşmaların və modern xidmətlərin mahiyyəti dövlət əmlakının özəlləşdirilməsi prosesini tədricən elektronlaşdırmaq, vətəndaş-məmur ünsiyyətini maksimum azaltmaq, bununla vaxta qənaət etməkdən ibarətdir. Bu istiqamətdə komitə bir sıra nailiyyətlər əldə edib.
 
Belə ki, komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət məhz dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Portalda orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin; kiçik dövlət müəssisə və obyektlərin; başa çatdırılmamış tikililər kimi özəlləşdirilən tikililərin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.
 
Həmçinin yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmət də istifadəyə verilib.
 
Bundan əlavə, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirakla bağlı sifarişlər də elektron qəbul edilir. Belə ki, portalda dövlət müəssisə və təşkilatlarının balansında olan istismar müddəti bitmiş nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid sənədlərin elektron qəbulu kimi yeni xidmət də vətəndaşların istifadəsindədir.
 
Ümumiyyətlə, dövlət əmlakının özəlləşdirilməsi sahəsində təşkil edilən elektron xidmətlər  bu sahədə şəffaflığı, operativliyi və rahatlığı daha yüksək səviyyədə təmin etməyə xidmət edir. 2012-ci ildən etibarən müsadirə edilmiş və vərəsəlik hüququ əsasında dövlət  mülkiyyətinə keçən əmlakların satışı ilə bağlı hərraclarda iştirak üçün internet vasitəsilə elektron formada sifarişlərin qəbulu və qeydə alınması həyata keçirilir.
 
Ümumilikdə, bu xidmət vasitəsilə indiyədək 200-dən çox əmlak üzrə verilmiş 44 elektron sifarişlə həmin əmlaklar hərraclarda özəlləşdirilib. Portalda təqdim olunan dövlət müəssisə və təşkilatlarının balansında olan istismar müddəti bitmiş nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid sənədlərin elektron qəbulu vasitəsilə 52 elektron sifariş qəbul edilmiş, 43 əmlak özəlləşdirilib. Bundan başqa, orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu ilə bağlı 7 elektron sifariş verilib, 5 səhmdar cəmiyyətinin səhmləri özgəninkiləşdirilib.
 
Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu üzrə isə 9 elektron sifariş verilib, 8 əmlak satılıb. Kiçik dövlət müəssisələrinin (obyektlərin) hərracda satışına dair  sifarişlərin qəbulu üzrə 23 elektron sifariş qəbul edilib və 23 əmlak özəlləşdirilib.
 
 
Qeyd edək ki, komitənin elektron xidmətlər portalında 20 interaktiv, 2 informativ olmaqla 22 e-xidmət istifadəçilərə təqdim olunur. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə onlayn müraciət edə bilirlər. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.
 
İndiyədək bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən daxil olan müraciətlərin sayı 67200-dən çox olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Elektron xidmətlərin təşkili məmur-vətəndaş ünsiyyətini şəffaflaşdırmaq, xidmətlər zamanı vaxta qənaət etmək, proseduraları sadələşdirmək və müasirləşdirmək kimi nəticələrə səbəb olmaqdadır.
 
Elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
 

Həqiqət İSABALAYEVA




01/08/14    Çap et