Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ korporasiyası xarici serverlərdəki istifadəçi məlumatlarını hakimiyyət orqanlarına təqdim edəcək


Nyu-York Federal Məhkəməsinin qərarına əsasən, "Microsoft” korporasiyası Dublindəki serverlərində saxlanılan istifadəçi haqqında məlumatı ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim edəcək.


ABŞ prokurorluğu korporasiyadan narkotiklərin yayılması ilə bağlı işin təhqiqatı çərçivəsində elektron yazışma və digər istifadəçi informasiyasını təqdim etməyi tələb edib, lakin "Microsoft” məsələ ilə əlaqədar məhkəməyə müraciət edib.


“Microsoft” vəkillərindən birinin dediyinə görə, xarici məlumat saxlama mərkəzlərindən informasiyanın verilməsi ABŞ hüquq-mühafizə orqanlarının yalnız bir orderi əsasında həyata keçirilə bilməz.


Bununla belə, Nyu-York Federal Məhkəməsinin hakimi Loretta Preskanın qərarına görə, bu halda məlumatların saxlanma yeri əhəmiyyət daşımır. Beləliklə, ötən il aşağı instansiyalı Nyu-York Məhkəməsi tərəfindən bu işlə bağlı çıxarılan qərar qüvvədə qalıb. Lakin L.Preska qərarın korporasiyanın apelyasiya şikayətinə baxılanadək qüvvəyə minməməsinə razılıq verib.  


Mübahisə ilə bağlı “Microsoft”u ABŞ-ın əksər aparıcı texnoloji şirkətləri, o cümlədən “Apple”, “AT&T”, “Sisco” və “Verizon” dəstəkləyib, - “İTAR-TASS www.itar-tass.com” yazır.




01/08/14    Çap et