Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

9 rayonun işəgötürənlərinə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydaları izah edilib


Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair məlumatlandırma tədbirləri davam edir. Növbəti tədbirdə  daha 9 rayonun işəgötürənləri yeni islahat barədə ətraflı məlumatlandırılıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Şəkidə keçirilən bu tədbirə Zaqatala, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz  rayonlarının işəgötürənləri cəlb olunub.  Qeyd edilib ki, EİS-in tətbiqi ölkənin əmək bazarına, işçi hüquqlarının təminatına daha çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırmağa xidmət edir.
 
Bu islahat tədbiri işçi və işəgötürənlər arasında bağlanan hər bir əmək müqaviləsi üzrə bildirişin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formalarının EİS-də qeydiyyatdan keçirilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərdə tutur.
 
Bu isə əmək müqavilələrinin tərəflər arasında bir sıra hallarda formal olaraq bağlanması və bir nüsxəsinin işçilərə verilməməsi kimi əvvəllər də mövcud olmuş mənfi praktikaya son qoyur. Ən başlıcası, EİS əmək müqavilələrində əksini tapan işçi hüquqlarının təmin edilməsinə birbaşa və səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına şərait yaradır. Əmək müqaviləsi bildirişi üzrə EİS-in işləyən əhalinin gələcək sosial təminat hüquqlarının müdafiəsində, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında mühüm hüquqi əsas yaratdığı da bildirilib.
 
 
Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə "Elektron hökumət" portalı (https://www.e-gov.az) üzərindən EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərə aidiyyəti üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib.
 
 
 
Həqiqət İSABALAYEVA




05/08/14    Çap et