Çin zavodunda baş vermiş partlayış “iPhone 6”-nın buraxılış tarixini təxirə sala bilər
Çinin Kunşin şəhərində yerləşən müəssisələrdən birində baş vermiş partlayış 75 nəfərin ölümünə səbəb olması ilə yanaşı, “iPhone 6” smartfonunun buraxılış tarixini təxirə sala bilər.
“ICTnews” xəbər xidmətinin “
www.comnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, regionda təhlükəsizlik parametrlərinə uyğunluq üzrə ümummilli müəssisə yoxlaması başlanıb və bununla bağlı zavodların işi dayandırılıb.
Yoxlama, eyni zamanda Çində “Apple” smartfonlarını yığan “Foxconn” istehsal gücünə təsir göstərib. Belə ki, yoxlama “iPhone 6”, “Xiaomi 4” və “MX4” smartfonlarının istehsal həcmlərinə təsir göstərə bilər.
“iPhone” smartfon modellərinin və bir sıra Çin aparatlarının korpusunun hazırlanmasında cilalanmış alümin ərintisindən istifadə edilir. Bu cür detalların istehsal prosesi havada dolaşan metallik tozun yanmasına gətirib çıxarır. Ötən həftə Kunşanda yerləşən zavodda məhz bu tozun yanması nəticəsində yanğın baş verib. Bu tozun müəssisədə yüksək konsentrasiyası və məkanda havalandırmanın aşağı səviyyədə olması vəziyyəti daha da çətinləşdirib.
Qeyri-rəsmi məlumatlara əsasən, “iPhone 6”-nın təqdimatı sentyabr ayında olmalıdır, satışların isə oktyabrda başlanması gözlənilir.
Aynur Vəliyeva