Nazir Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Azərbaycanın dövlət başçısı ilə Davosda və Tehranda keçirdiyi görüşləri məmnunluqla xatırladığını dedi. Mahmud Vaezi ötən səfərləri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük ehtiramla xatırladı. Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayan Mahmud Vaezi dedi: “Mən Azərbaycanın əldə etdiyi böyük uğurlara görə Sizə təbriklərimi çatdırıram. Mən, eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm ki, ölkəsi üçün belə böyük işlər görən müdrik və uzaqgörən rəhbəri var”.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.