Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran və Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi müzakirə olunub


5-6 avqust tarixlərində Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin həmsədrliyi ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilir.
 
 Səfər çərçivəsində M.Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Görüş nazir Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin cari ilin 17-19 iyun tarixlərində İrana səfəri zamanı baş tutmuş ikitərəfli görüşlərin davamı olaraq həyata keçirilib.
 
 
Görüşdə ölkələrimiz arasındakı yüksəksəviyyəli əlaqələrdən, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yeni inkişaf mərhələsindən söz açan nazir Əli Abbasov ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Əməkdaşlığın daha da möhkəmləndirilməsində səfərlərin vacibliyinə də diqqət çəkən nazir Tehranda keçirdiyi görüşlərin səmərəli, faydalı nəticələrini qeyd edərək, rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi və yeni istiqamətlərindən söz açıb.
 
 
İran nümayəndə heyətinin Azərbaycan prezidenti tərəfindən qəbul edildiyini ehtiramla vurğulayan M.Vaezi dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşləri də xatırladıb və bu görüşlərin ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə yeni təkan verdiyini bildirib.
 
İranlı nazir, eyni zamanda həmkarı Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Tehrana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini, ümumilikdə İranda görüşlərin hər iki tərəf üçün məmnunluq və faydalı prinsiplər üzərində qurularaq uğurla başa çatdığını, həmçinin yaxın vaxtlarda İşçi Qrupun görüşünün təşkil olunacağını bildirib. 




05/08/14    Çap et