Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əfqan telekanalı “Azərspace-1” peyki üzərindən yayımlanacaq
"Azərkosmos" ASC ilə "Əfqan Payvastun Media Kommunikasiya" (APMC) şirkəti "Batur" TV-nin "Azərspace-1" peyki üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb.
Bu ayın 6-da imzalanan müqavilə ilə "Batur" TV milli peykimiz üzərindən yayımlanacaq ilk əfqan televiziya kanalı olacaq. Sözügedən müqavilə "Azərkosmos"a əfqan yayım bazarına qapı açdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. İmzalanma prosesi zamanı "APMC"-nin prezidenti Masud Ameri "Azərkosmos" komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib.
"APMC" şirkəti "Azərkosmos"la əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən Prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlayıb. "Azərkosmos"un göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib.
Masud Ameri "Azərkosmos"la digər əfqan kanallarının da "Azərspace-1" peyki üzərindən yayımlanması və Azərbaycan - Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
SEYMUR
07/08/14 Çap et