Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” axtarış nəticələrində istifadəçilərin məlumatlarını dəstəkləyən saytlara üstünlük verəcək
“The Wall Street Journal” nəşri yazır ki, ABŞ-ın “Google” internet korporasiyasından bildirilib ki, haker hücumları və istifadəçi informasiyasının ələ keçirilməsinə qarşı mühafizə texnologiyaları quraşdırılmış veb-saytlara axtarış nəticələrində üstünlük veriləcək.
"Biz ümid edirik ki, gələcəkdə saytların çoxu HTTPS (şifrləməni dəstəkləyən HTTP məlumatların ötürülməsi protokolunun genişlənməsi) istifadə edəcək" – “Google”un bloqunda yazılıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik agentliyinin internet istifadəçiləri və mobil qurğu sahiblərini qlobal izləməsi haqda xəbərlərdən sonra “Google” bu addımı atıb. Məlumatların şifrlənməsi texnologiyası istifadəçilər aeroport və qəhvəxanalarda ictimai “Wi-Fi” vasitəsilə internetə qoşulduqları halda belə onların məlumatlarına icazəsiz giriş cəhdlərindən mühafizəni təmin edir.
“Google”dan bildirilib ki, korporasiya bir neçə ay bundan əvvəl şifrləmə texnologiyasından istifadə edilmiş saytları dəstəkləməyə başlayıb. Əvvəlcə tərtibatçılar sözügedən texnologiyanın bahalı olmasına görə onun tətbiqindən çəkiniblər, həmçinin istifadəçi sorğularına cavabları ləngidəcəyindən ehtiyat ediblər. Amma şifrlənmənin dəstəyinin qiyməti azalır.
“Google” öz istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “Gmail” elektron poçtu vasitəsilə mesajlaşmağın təhlükəsizliyini təmin edən texnologiya tətbiq edib.
Emil Hüseynov
07/08/14 Çap et