Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin yeni müavini azərbaycanlı oldu


Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinə yeni müavin təyin edilib. Bu vəzifəni əslən azərbaycanlı olan Rəşid İsmayılov icra edəcək. O, yeni vəzifəsində İT sahəsinin inkişafı istiqamətinə rəhbərlik edəcək. Qeyd edək ki, bundan əvvəl bu sahəyə  2014-cü ilin iyununda nazirliyi tərk etmiş Mark Şmuleviç nəzarət edib.
 
İsmayılov, həmçinin beynəlxalq əməkdaşlıqla bağlı işlərini davam etdirəcək. O, nazir müavini təyin edilməzdən əvvəl, 2013-cü ilin yanvarından Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.
 
Rəşid İsmayılov 20 ildən çox müddətdə "Ericsson", "Nokia Networks", "Nokia-Siemens Networks" və "Huawei" daxil olmaqla, müxtəlif telekommunikasiya və İT şirkətlərində çalışıb.
 
O, sözügedən nazirliyin departament direktoru vəzifəsində rabitə və kütləvi kommunikasiyalar sahəsində beynəlxalq əlaqələrin inkişafı, xarici tərəfdaşlarla münasibətlərin genişləndirilməsi, həmçinin qlobal informasiya-kommunikasiya texnologiyaları bazarı sahəsində Rusiyanın nüfuzunun möhkəmləndirilməsi ilə məşğul olub.
 
"Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmiş Rəşid İsmayılov özünü ən yüksək səviyyədə qərarlar qəbul edən və iş aparmaq qabiliyyətinə malik məsuliyyətli rəhbər kimi tanıda bilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi ona İT sahəsinin inkişafı ilə bağlı bir sıra məsələləri uğurla həll etməyə icazə verəcək" –  nazir Nikolay Nikiforov belə deyib.
 
Məlumat üçün bildirək ki, İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada SSRİ-nin Xarici İşlər Nazirliyinin internat məktəbini, 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə isə Moskva Dövlət  Maşınqayırma Universitetini   bitirib.
 
O,  ingilis, italyan, portuqal və türk dillərində sərbəst danışır, həmçinin ispan, alman və fransız dillərini bilir, "Cnews" yazır.
 
Emil Hüseynov
 
 
 
 




07/08/14    Çap et