Haker hücumundan ən zəif müdafiəyə malik olan avtomobillər siyahısı müəyyən edilib
“Auto.CNews”un informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri Charlie Miller və Chris Valasek nəzəriyyə nöqteyi-nəzərindən ən zəif avtomobil modellərinin siyahısnı tərtib ediblər.
“ICTnews” xəbər xidmətinin “
www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yeni “Jeep Cherokee”, “Cadillac Escalade” və “Infiniti Q50” haker hücumuna ən davamsız avtomobil modelləridir.
Bununla yanaşı, mütəxəssislər kibertəhlükəsiz avtomobilləri də müəyyən ediblər. Bunlar “Dodge Viper”, “Honda Accord” və “Audi A8” modelləridir.
Las-Veqasda keçirilən “Black Hat 2014” konfransında təqdim edilən 92 səhifəlik məruzədə mütəxəssislər nəqliyyat vasitələrinin texniki sənədlərini və elektrik avadanlıqlarını oxuyaraq avtomobil şəbəkələrinin işini təhlil ediblər.
Məruzədə bildirilib ki, çoxsaylı simsiz kommunikasiyalarla təchiz edilmiş “Jeep Cherokee 2014” bədəməllər tərəfindən nəzarətə alınmaq üçün açıqdır. Belə ki, “Jeep Cherokee”nin ən zəif bəndi açarsız çıxış sistemi, “Bluetooth”-bağlantı, maşında yaradılmış “Wi-Fi” və mobil rabitə şəbəkələri, avtomobilin təkər qurşağında təzyiqin simsiz monitorinq qurğuları və elektron köməkçilərdir.
“Infiniti Q50 2014”-də telematik və radiokomponentlər mühərrik və tormozla bir şəbəkə ilə bağlanılıb və bu şəbəkəyə eyni zamanda kruiz nəzarət və s. kompüterləşdirilmiş sistemlər qoşulub.
Mütəxəssislərin hesabatı ABŞ-ın Nəqliyyat Nazirliyinə və avtomobil mühəndisləri cəmiyyətinə göndərilib. Bunun səbəbi brendləri şübhə altına almaq yox, şirkətlərin diqqətini informasiya təhlükəsizliyi məsələlərinə cəlb etmək olub.
Aynur Vəliyeva